Yuxarı

"​Moody’s": "Brexit"in MDB ölkələrinə təsiri məhdud olacaq

Agentlik:  Rusiya, Qazaxıstan və Azərbaycan kimi ölkələrin iqtisadiyyatı büdcə maliyyələşməsindən asılıdır

Bakı. 8 iyul. REPORT.AZ/ “Brexit”in MDB ölkələrinin Böyük Britaniya (UK) ilə ticarət və investisiya əlaqələrinə birbaşa təsiri məhdud olacaq. Bu barədə “Report”a "Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib.

Məlumata görə, 2000-2014-cü illərdə region ölkələrinin UK-yə ixracının ümumi məbləği region ÜDM-nin 1%-nə bərabər olub. Həmçinin, 2014-cü ildə regiona yatırılan birbaşa xarici investisiyaların (FDİ) 4,1%-i UK-dən icra edilib ki, Azərbaycan üzrə bu FDİ 17%-ə bərabər olub: “Bu göstərici Qırğızıstanda 11%, Gürcüstanda 10%, Ukraynada isə 6% təşkil edib".

Agentlik hesab edir ki, “Brexit”in MDB iqtisadiyyatına təsiri məhdud olsa da, bu, Avropa İttifaqının (Aİ) zəifləməsi nəticəsində MDB ölkələrinin iqtisadiyyatı üçün imkanlar yaranması ehtimalından daha üstündür.

“MDB ölkələri “Brexit”lə əlaqədar Aİ-nin böyüməsinin zəifləməsi səbəbindən böyük risklə üzləşə bilər. Çox güman ki, bu, MDB ölkələrində neft qiymətləri və neftə olan tələbatın azalması ilə nəticələnəcək. Bu, həmçinin regional neft ixracatçılarının kreditləşməsinə də mənfi təsir göstərə bilər. Qazaxıstan, Azərbaycan və Rusiya kimi ölkələrin iqtisadiyyatı büdcə maliyyələşməsindən asılıdır”.

“Moody’s” hesab edir ki, “Brexit” region ölkələrindən yalnız Ermənistanın bank sektorunu risk altına ala bilər: “Rusiyaya təsir minimal olacaq, çünki artıq rəsmi Moskva Aİ-nin sanksiyalarından sonra məhdud xarici maliyyələşməyə adaptasiya olunub”.

“Avroda davam edən əhəmiyyətli dəyərsizləşmə MDB ölkələrinin suveren fondlarının avroda ifadə olunan aktivləri üçün böyük risklər yaradır”, - deyə agentliyin açıqlamasında qeyd edilir.

Ötən il Azərbaycanda ÜDM-in 0,2%-i həcmində UK-yə, 19,8%-i həcmində isə Aİ-yə ixrac həyata keçirilib. Həmçinin, əsas dövlət borcları ÜDM-in 29,6%-ni, inflyasiya isə 17,4%-ə yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi