Azərbaycanda lombardlara nəzarət artırılır

Azərbaycanda lombardlara nəzarət artırılır Milli Məclisin bu gün keçirilən plenar iclasında Lombardlar haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Maliyyə
30 Sentyabr , 2019 14:21
Azərbaycanda lombardlara nəzarət artırılır

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Lombardlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report”un məlumatına görə, layihə barədə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, sənəd ölkədə lombard fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır: “Odur ki, bu qanun layihəsinin qəbul edilməsinə ciddi ehtiyac var. Sənəd lombard sahəsində mənfi halların çox olması nəzərə alınaraq, sui-istifadə hallarının qarşısını almaq və səmərəliliyin artırılması məqsədi ilə, lombard istehlakçılarının hüquqlarının qorunması üçün hazırlanıb”.

Qanun layihəsi səsverməyə qoyularaq II oxunuşda qəbul edib.

Qanun layihəsinə əsasən, lombardlar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilən lisenziya əsasənda fəaliyyət göstərir.

Belə ki, girov qoyulmuş və ya saxlamaya qəbul edilən əşyanın qiymətləndirilməsi tərəflərin razılığı ilə lombard və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Qiymətləndirmə lombard tərəfindən aparıldıqda ödənişsiz, müstəqil qiymətləndiricinin vəsaiti hesabına həyata keçirilir.

Lombard tərəfindən qiymətləndirmənin həyata keçirilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Lombard girova qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanı, həmin əşyanı bu Qanunnun 6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qiymətinin tam məbləğində öz vəsaiti hesabına müştərinin xeyrinə əşyanın mənimsənilməsi, israf edilməsi, zədələnməsi, məhv olunması və itirilməsi riskindən sığortalanmalıdır.

Lombard öz vəsaiti hesabına girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.

Kredit müqaviləsi bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, lombardın girov qoyana girov bileti verməsi ilə rəsmiləşdirilir. Kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edən müştərinin sonradan əşyanı yenidən girov qoyması yeni girov bileti rəsmiləşdirilməklə həyata keçirilir.

Lombard tərəfindən kreditlər Azərbaycan Respublikasının milli valyutasında on iki aydan artıq olmayan müddətə verilir.

Müştəri lombardla bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdə, lombard girov qoyulmuş əşyanı iki iş günündən gec olmayaraq müştəriyə qaytarmalıdır. Girov qoyulmuş əşya müştəri tərəfindən tələb olunmadıqda, lombard girova qəbul edilmiş əşyanın saxlanılması əlavə olaraq ən azı altmış təqvim günü müddətində təmin edilməlidir.

Son xəbərlər

Orphus sistemi