IFC: İqlim Sazişi inkişaf edən bazarlarda yeni imkanlar yaradıb

IFC: İqlim Sazişi inkişaf edən bazarlarda yeni imkanlar yaradıb IFC 2020-ci ilə qədər iqlimin qorunması ilə bağlı investisiyaları 3,5 mlrd. ABŞ dollarına qədər artırmağı məqsəd qoyub
Maliyyə
7 Noyabr , 2016 20:37
IFC: İqlim Sazişi inkişaf edən bazarlarda yeni imkanlar yaradıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Dünya Bankı Qrupunun üzvü IFC tərəfindən dərc edilən araşdırma hesabatına əsasən, iqlim dəyişməsi ilə bağlı ötən il Paris şəhərində bağlanan tarixi qlobal saziş sayəsində bu gündən 2030-cu ilədək inkişaf etməkdə olan ölkələrdə 23 trln. ABŞ dollarına bərabər həcmdə iqlimə zərər verməyən yatırım imkanları yaradılıb. 

Bu barədə “Report”a IFC-nin Bakı nümayəndəliyindən məlumat verilib.

Milli iqlim dəyişikliyi öhdəlikləri və onlardan irəli gələn 21 inkişaf edən bazar iqtisadiyyatlarının siyasətlərinə əsaslanaraq, IFC araşdırmasında hər regionda yatırım potensialının ən güclü olduğu sektorlar müəyyən edilir. Buraya, Şərqi Asiya və Sakit Okeanı ərazisində yaşıl tikililər daxildir ki, onda Çin, İndoneziya, Filippin və Vyetnamın iqlimin qorunması ilə bağlı investisiya potensialı 16 trln. ABŞ dolları həcmində dəyərləndirilib. Növbəti iri yatırım imkanı Latın Amerikası və Karib ölkələrində müşahidə edilir – xüsusilə dayanıqlı nəqliyyat sahəsində Argentina, Braziliya, Kolumbiya və Meksikada investisiya potensialı təqribən 2,6 trln. ABŞ dolları təşkil edir. Cənubi Asiya regionunda investisiya imkanları iqlim dəyişikliklərinə dayanıqlı infrastruktur sahəsində əsasən Hindistan və Banqladeşdə 2,5 trln. ABŞ dolları həcmindədir.

IFC 2020-ci ilə qədər iqlimin qorunması ilə bağlı investisiyaları 3,5 mlrd. ABŞ dollarına qədər artırmağı və digər yatırımcılar vasitəsilə əlavə 13 mlrd. ABŞ dollarını da cəlb etməyi özünə məqsəd qoyub.

Saxara səhrasından cənubda yerləşən Afrika ölkələrində yatırım imkanları – xüsusilə, Fil Dişi Sahili Respublikası, Kenya, Nigeriya və Cənubi Afrikada 783 mln. ABŞ dolları təşkil edir. Şərqi Avropada Rusiya, Serbiya, Türkiyə və Ukrayna kimi ən iri bazarların ümumi investisiya potensialı 665 mln. ABŞ dolları həcmində hesablanıb və bu əsasən enerji səmərəliliyi və yeni yaşıl tikililərlə bağlıdır. Orta Şərq və Şimali Afrikada Misir, İordaniya və Mərakeş kimi ölkələrin iqlim layihələrinə ümumi yatırım potensialı 265 mlrd. ABŞ dolları həcmində hesablanıb ki, bu məbləğin üçdə birindən çox hissəsi bərpa edilən enerji mənbələri ilə, 55%-i (146 mlrd. ABŞ dolları) isə iqlimə uyğun binalar, nəqliyyat və tullantıların idarə edilməsi ilə bağlıdır.

Ötən ilin dekabr ayında Paris Sazişi imzalanandan ümumilikdə 189 ölkə iqlimin son dərəcə sürətlə korlanmasının qarşısının alınması ilə bağlı özlərinin milli planlarını, o cümlədən bərpa edilən enerji mənbələri, aşağı karbon istehsallı şəhərlər, enerjiyə qənaət, dayanıqlı meşələrin saxlanması və iqlimi qoruyan kənd təsərrüfatı ilə bağlı layihələr təqdim edib.

Son xəbərlər

Orphus sistemi