​İqtisadiyyat naziri Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

​İqtisadiyyat naziri Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Korporasiya səhm kapitalında iştirak etməklə 14 layihənin həyata keçirilməsinə 130 mln. dollar ayrıb
Maliyyə
31 May , 2016 18:03
​İqtisadiyyat naziri Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Bakı. 31 may. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi ilə görüşüb.

“Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən İslam İnkişaf Bankı və Qrupa daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə uğurlu əməkdaşlığı qeyd edən nazir, Korporasiya tərəfindən özəl sektorun inkişafı istiqamətində Azərbaycana göztərdiyi dəstəyi yüksək qiymətləndirib: “Korporasiya tərəfindən ölkəmizdə indiyədək əsasən banklara və özəl şirkətlərə birbaşa kredit xəttinin açılması, səhm kapitalında iştirak etməklə 14 layihənin həyata keçirilməsinə 130 mln. dollar ayrılıb”.

Görüşdə Korporasiyanın Azərbaycan İnvestisiya Şirkətinin də təsisçisi olduğu “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti müzakirə edilib, yeni layihələrin nəzərdə tutulduğu vurğulanıb.

Bununla belə, korporasiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirən Ş.Mustafayev sənaye və kənd təsərrüfatı sahəsinə, o cümlədən sənaye parkları və məhəllələrinin yaradılması kimi prioritet sahələrə investisiya qoyuluşunu, özəl sektora maliyyə dəstəyinin genişləndirilməsini diqqətə çatdırıb.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru X.M.əl Əbudi Azərbaycana səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnun olduğunu deyib: “Korporasiyanın Azərbaycanla əlaqələrinin genişləndirilməsi imkanları çoxdur. Bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyik”.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Qeyd edək ki, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri səfər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi