Yuxarı

Azərbaycanda həyat sığortası bazarı 14% azalıb

Həyat sığortası bazarında ödənişlər kəskin artıb

Bakı. 18 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 19,3%-i və yaxud 19,6 mln. manatı həyat sığortasının payına düşüb. 

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrünə nisbətən həyat sığortası bazarı təxminən 13,9% azalıb.

Həyat sığortasındakı yığımların təxminən 51,4%-i və ya 10,1 mln. manatı həyatın yaşam sığortası, 28,5%-i və ya 5,6 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığorta, 19,5%-i və ya 3,8 mln. manatı həyatın ölüm halından sığortası, cəmi 111 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Bu iki ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 4,4 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 18,3%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 3,2 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin təxminən 73%-i və ya 3,2 mln. manatı həyatın yaşam sığortası, 12,7%-i və ya 556 min manatı həyatın ölüm halından sığortası, 14,3%-i və ya 629 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 22,4 manat ödəniş həyata keçirilib, 2014-cü ilin eyni dövründə isə bu göstərici 6 manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi