Yuxarı

​Azərbaycanda Fond birjasının məlumatları açıqlaması qaydası təsdiq olunub

Qərarı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı imzalayıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Fond birjasının məlumatları açıqlaması Qaydası”nı təsdiq edib.

"Report"un xəbərinə görə, qərarı komitənin sədri Rüfət Aslanlı imzalayıb

Bu qayda Azərbaycan ərazisində fəaliyyət göstərən fond birjası tərəfindən onun fəaliyyəti, ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətlərinin tələb və təklif qiymətləri, həmçinin onlarla bağlanmış əqdlərlə bağlı məlumatların açıqlanmasına dair tələbləri müəyyən edir.

Birja ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətə dair məlumatları, həmçinin emitentlər tərəfindən təqdim edilən və öz fəaliyyəti ilə bağlı məlumatları bu qaydaya uyğun olaraq açıqlayır.

Ticarət öncəsi və bağlanmış əqdlərə dair məlumatların açıqlanması maliyyə bazarlarının sabitliyinin pozulması və ya ölkə iqtisadiyyatına mənfi təsir göstərə bildiyi təqdirdə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumatların açıqlanmasını təxirə salır. Həmin məlumatların açıqlanması komitənin birjaya təqdim etdiyi yazılı bildiriş əsasında təxirə salınır.

Birja ticarət üsulundan asılı olaraq qiymətli kağızlarla (qiymətli kağızların yerləşdirilməsi üzrə keçirilən hərraclar istisna olmaqla) və törəmə maliyyə alətləri ilə bağlı fasiləsiz ticarət zamanı bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə eyni qiymət ilə yerləşdirilmiş sifarişlərin və həmin sifarişlərdə əks olunmuş qiymətli kağızların ümumi sayını, həmçinin qiymətli kağız və ya törəmə maliyyə alətinin kodu, növü və qiymətli kağızın emitentinin adı göstərilməklə, ən azı 5 ən yaxşı alış və satış təklifini, kotirovkalara əsaslanan ticarət zamanı hər marketmeyker tərəfindən yerləşdirilən ən yaxşı alış və satış kotirovkasını, auksion (hərrac) ticarəti zamanı hər qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə ticarət alqoritmini ən iri ticarət həcmini təmin edən qiyməti və həmin qiymət səviyyəsində alınıb-satıla biləcək qiymətli kağızların sayını, həmçinin qiymətli kağız və ya maliyyə alətinin kodunu, növünü və qiymətli kağızın emitentinin adını, birjanın ticarət üsulu bu Qaydanın 3.1.1-3.1.3-cü yarımbəndlərində göstərilən ticarət üsullarının heç birinə uyğun olmadıqda və ya həmin üsulların bir neçəsinin birləşməsindən təşkil edildikdə, sirafişlərin və ya kotirovkaların qiymətini və həmin sirafiş və kotirovkalarda əks olunmuş qiymətli kağızların sayını, qiymətli kağız və ya törəmə maliyyə alətinin kodunu, növünü və qiymətli kağızın emitentinin adını ticarətdən əvvəl davamlı olaraq ticarət sistemi vasitəsilə birja üzvlərinə açıqlayır.

Ünvanlı satış əqdləri üzrə yerləşdirilmiş sifarişlərə dair ticarət öncəsi məlumatlar birja tərəfindən açıqlanmır.

Birja repo əməliyyatları üzrə repo predmeti olan investisiya qiymətli kağızları, təminat əmsalı (faizlə), repo predmeti ola bilən investisiya qiymətli kağızlarının cari qiyməti, repo açılış qiymətini açıqlayır.

Birja ticarətə buraxılmış hər qiymətli kağız üzrə bağlanmış əqdlərə dair (ünvanlı satış əqdləri istisna olmaqla) aşağıdakı ümumiləşdirilmiş məlumatları ticarət gününün sonunda öz internet səhifəsi vasitəsilə açıqlayır:

1. əqdlərin ümumi sayı

2. əqdin keçirildiyi tarix (gün-ay-il)

3. əqdin predmeti Azərbaycan ərazisində buraxılmış qiymətli kağızlar olduqda, onların buraxılışının dövlət qeydiyyat nömrəsi, ölkə hüdudlarından kənar buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166 beynəlxalq standartına uyğun olaraq, beynəlxalq eyniləşdirmə kodu (İSİN) və ya onların buraxıldığı ölkədə qiymətli kağızların identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kodu

4. əqdin predmeti olan qiymətli kağızların emitentinin tam adı

5. əqdin predmeti olan qiymətli kağızların növü

6. ticarət günü ərzində qeydə alınmış maksimal alğı-satqı qiyməti

7. ticarət günü ərzində qeydə alınmış minimal alğı-satqı qiyməti

8. qiymətli kağızın açılış qiyməti

9. qiymətli kağızın bağlanış qiyməti

10. əqd üzrə ödəniş vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq standartına uyğun olaraq, valyuta kodu. Əqdin predmeti istiqraz olduqda qiymət faizlə ifadə olunur

11. əqdlərin predmeti olan qiymətli kağızların sayı

12. əqdlərin məbləği

Birja hər bir qiymətli kağız üzrə ticarət günü ərzində bağlanılmış ünvanlı əqdlərin ümumi həcmi üzrə məlumatı birjanın daxili qaydalarına uyğun olaraq açıqlayır.

Birja ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə aşağıdakı məlumatları hesabat ayından sonrakı ayın 5 iş günündən gec olmayaraq ilkin bazarda bağlanmış əqdlərin sayı və məbləği (ümumi və hər növ qiymətli kağız və törəmə maliyyə aləti üzrə ayrı-ayrılıqda), təkrar bazarda bağlanmış əqdlərin sayı və məbləği (ümumi və hər növ qiymətli kağız və törəmə maliyyə aləti üzrə ayrı-ayrılıqda), hər investisiya şirkəti tərəfindən bağlanmış əqdlərin sayı və məbləği (ümumi və hər növ qiymətli kağız və törəmə maliyyə aləti üzrə ayrı-ayrılıqda) açıqlayır.

Qurum ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə hər təqvim ili üçün aşağıdakı məlumatları növbəti ilin birinci ayının 15 iş günündən gec olmayaraq orta gündəlik dövriyyə (qiymətli kağız və ya törəmə maliyyə aləti ilə təqvim ili ərzində bağlanmış əqdlərin məbləğinin, həmin ildə olan ticarət günlərinin sayına nisbəti kimi hesablanır (ünvanlı satış əqdləri nəzərə alınmaqla)), əqdlərin orta gündəlik sayı (qiymətli kağız və ya törəmə maliyyə aləti ilə təqvim ili ərzində bağlanmış əqdlərin sayının, həmin ildə olan ticarət günlərinin sayına nisbəti kimi hesablanır (ünvanlı satış əqdləri nəzərə alınmaqla)) açıqlayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi