Yuxarı

“Fitch” Azərbaycanın reytinqini “BB+” olaraq təsdiq edib - ƏLAVƏ OLUNUB

Azərbaycanın qısa müddətli yerli və xarici valyutada olan reytinqi (IDRs) “B+” olaraq təsdiqlənib

İlk xəbər 09:08-də dərc olunub

Bakı. 27 avqust. REPORT.AZ/ “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb. 

“Report”un xəbərinə görə, agentlik Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini (İDR) “BB+”, proqnozu isə "neqativ" olaraq müəyyənləşdirib.

“Fitch” həmçinin Azərbaycanın xarici valyutada olan istiqrazlarını da “BB+” səviyyəsində təsdiq edib.

Bununla yanaşı, Azərbaycanın qısa müddətli yerli və xarici valyutada olan reytinqi (IDRs) “B+” olaraq təsdiqlənib.

***

Azərbaycanın “BB+” reytinqi ölkənin güclü xarici balans göstəricisi və aşağı dövlət borcu, əvvəlki illərdə kök salmış yüksək neft gəlirləri ilə neftdən güclü asılılıq, bununla yanaşı inkişaf etməmiş siyasi çərçivə və zəif bank sektoru arasında balansı müəyyən edir.

“Fitch” hesab edir ki, Azərbaycanda devalvasiyanın gecikməsi dövlət xərclərinin artmasına səbəb olub.

Agentlik Azərbaycanın büdcə kəsirlərinin aradan qaldırılması üçün kifayət qədər imkanlarının olduğunu qeyd edib:

“İyunun sonuna olan məlumata görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 35,1 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ölkənin 2016-cı il üzrə ÜDM-nin 95%-i deməkdir. 2016-cı ilin birinci yarısında ARDNF-nin aktivləri 1,5 mlrd. dollar artıb”.

“Fitch” 2016-cı ilin ikinci yarısında kapital xərclərinin artmasına görə, ARDNF-nin də aktivlərində azalma müşahidə ediləcəyini açıqlayıb:

“Dövlətin xarici borcu 2016-cı ilin sonu üçün proqnozlaşdırılandan artıq olacaq. Belə ki, proqnoza görə, dövlət borcu ÜDM-in 31%-i olmalı idi, amma ilin sonua bu rəqəmin 51,4%-ə yüksəlmə ehtimalı var”.

Agentlik Azərbaycanın fiskal göstəricilərinin neftin ucuzlaşması səbəbindən gerilədiyini və bu il konsolidə edilmiş ümumi dövlət kəsrinin ÜDM-in 7,3%-nə bərabər olduğunu açıqlayıb. “Fitch”in Azərbaycanın büdcə kəsiri ilə bağlı əvvəlki proqnozu isə 12,5% olub:

“Neftin qiymətinin gösləniləndən daha çox bahalaşması kəsirin ÜDM-də payının azalmasına səbəb oldu. Bu ilin birinci yarısında kapital xərcləri büdcənin cəmi 31%-ni təşkil edib”.

Reytinq agentliyi bildirib ki, Azərbaycanda inflyasiya 2 rəqəmli olacaq və ehtimal var ki, 2017-ci ildə bu geriyə birrəqəmli həddə qayıtsın:

“Gələn il (2017) üçün inflyasiya proqnozu 6%-dir. 2017-ci ildə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar pozitiv dəyişikliklərin olması gözlənilir. Böyük enerji layihələri orta müddətə bu dəyişikliyə şərait yaradacaq. “Şahdəniz 2” qaz yatağında hasilata isə 2018-ci ilin ikinci yarısında başlanacağı deyilir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi