Yuxarı

"Fitch" agentliyi Azərbaycanın 5 bankının reytinqini qiymətləndirib - YENİLƏNİB

Agentlik: Azərbaycanda milli valyutanın devalvasiyası bankların kapitalın adekvatlığı əmsalına mənfi təsir göstərib

İlk xəbər saat 10:19-da verilib

Bakı. 25 dekabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) kredit reytinqini "BB", reytinq müşahidəsini isə "Pozitiv" təsdiq edib. Bundan başqa, Agentlik "Dəmirbank"  ASC, "Atabank" ASC və "AGBank" ASC-nin kredit reytinq müşahidəsini "neqativ" kimi təsdiqləyib. "Unibank" ASC-nin kredit reytinqi "B" səviyyəsində saxlanılıb, proqnozu isə "stabil"dən "neqativ"ə endirilib.

"Report" xəbər verir ki, adı çəkilən 5 bankın reytinqləri barədə qərar Azərbaycan hökumətinin dekabrın 21-də həyata keçirdiyi "üzən məzənnə" rejiminə keçidlə əlaqələndirilib. Bu qərarın ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən bankların xarici valyutada aktivlərində yaranan risklərdən dolayı kapitallarının adekvatlıq əmsalının azalmasına ciddi təsiri edəcəyi qeyd olunur.

"Fitch"in hesabatında bildirilir ki, bəzi banklar kapitalın adekvatlığı əmsalı normativini pozma riski ilə üzləşib: "Yəqin ki, bu bankların səhmdarlarına kapitallarını artırmağa və onu normativə uyğunlaşdırmağa zaman veriləcək. Bu fikirlər fevral ayında baş verən devalvasiya zamanı formalaşıb. Bundan başqa, Mərkəzi Bank kommersiya banklarının kapitalın adekvatlıq əmsalını 12%-dən 10%-ə endirərsə, bu da onlara ilin sonuna qədər bu əmsala çatmaqlarına imkan verəcək".

Agentlik qeyd edir ki, kreditalanların xarici valyutada gəlirlərinin məhdudlaşması bankların kredit portfelinin dollarlaşması (devalvasiyadan sonra sektorun 60%-i) səbəbindən bank aktivləri üzərində təzyiqləri artırıb.

***

Agentlik həmçinin, əmanətçilər və depozit sahiblərinin vəsaitlərini geri çəkəcəyi təqdirdə likvidlik probleminin yaranacağını qeyd edir: "Lakin son günlər belə bir tendensiya müşahidə edilməyib. Belə bir hal olarsa, Mərkəzi Bank tərəfindən banklara dəstək verilə bilər".

Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqinin təsdiq edilməsi və müşahidəsinin "pozitiv" açıqlanmasını Agentlik Azərbaycan hökumətinin Bankın pis aktivlərinin təmizlənməsinə yardımı və manatın dalğalanmasını kompensasiya edəcəyi ilə əsaslandırıb. "Fitch" bildirib ki, Azərbaycan hökümətinin 2 mlrd. manat həcmində ABB-nin problemli kreditlərini alması Bankın kapitalına təzyiqləri azaldacaq. ABB-dən Agentliyə verilən məlumata əsasən, hökümət tərəfindən ilin sonuna qədər Bankın daha 1 mlrd. manatlıq problemli kreditlərinin alınması gözlənilir və əlavə olaraq hökümət bankın ödəmə qabiliyyətliliyini qorumaq üçün digər yollardan da istifadə edə bilər. Agentlik qeyd edir ki, devalvasiya ötüşdükdən sonra Bankın qalan problemli kreditlərdən azad olması ilə də bağlı tədbirlər həyata keçərilərsə, reytinqin bir pillə artırılması mümkündür.

"Fitch" xatırladır ki, aktivləri Azərbaycanın ÜDM-in 15%-nə bərabər olan ABB-nin bu göstərici üzrə bank sektorunda payı 36%-dir, dövlət müəssisələri üzrə kredit portfeli isə 1,5 mlrd. dollar həcmindədir.

"Unibank"ın reytinq proqnozunun "stabil"dən "neqativ"ə düşürülməsi Bankın devalvasiyanın zərərlərini "həzm etməsində" çətinlik çəkə biləcəyi ilə izah olunur. Bankın pərakəndə kredit portfelində dollarlaşma nəticəsində problemli kreditlərin həcminin artması səbəbindən yüksək risk daşıdığı vurğulanıb.

"AGBank"da devalvasiyaya qədər kapital çatışmazlığı probleminin mövcudluğunu xatırladan "Fitch" Bankın devalvasiya günü kapitaldan 1,9 qat yüksək açıq valyuta mövqeyinin olduğunu qeyd edib. Bankın aktivlərinin 40%-i xarici valyutadadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi