Yuxarı

ABŞ gözlənilmədən uçot dərəcəsini artıra bilər

Bu, xammal qiymətlərini azalda, digər valyutaları ucuzlaşdıra bilər

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) martın 15-16-da keçirilməsi planlaşdırılan iclasında uçot dərəcəsini gözlənilmədən artıra bilər. "Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin 35 dollar/barel səviyyəsinə yüksəlməsi, son vaxtlar qlobal maliyyə bazarlarında nikbin əhval-ruhiyyənin davam etməsi, ən əsası isə ABŞ-da bu gün açıqlanacaq istehlak qiymətləri indeksinin (inflyasiya) proqnozlardan artıq olacağı təqdirdə FES mart iclasında uçot dərəcəsini artıra bilər. 

Xatırladaq ki, FES rəhbəri Janet Yellen son, yanvar iclasında və fevral ayında Konqresdəki bəyanatlarda qlobal fond birjaları və maliyyə bazarlarında neqativ vəziyyət, qlobal iqtisadiyyatın resessiyaya girmə ehtimallarından söz açıb. Hətta ABŞ iqtisadiyyatının da resessiya mərhələsinə daxil olmasının mümkünlüyü bildirilib. Lakin ABŞ iqtisadiyyatı hələ də öz gücünü qoruyur və bu gün açıqlanacaq inflyasiya göstəricisinin gözlənilən 0,2%-i üstələməsi, iqtisadi aktivliyin yüksək olduğu mənasını daşıyacaq. Belə olduğu halda, dollar digər önəmli pul vahidləri ilə müqayisədə sərt möhkəmlənə bilər.

Qeyd edək ki, hazırda dünyanın əsas valyutalarından ikisi - avro və yen bölgəsində mənfi göstəricili uçot dərəcəsi tətbiq olunur. Əgər FES-in uçot dərəcəsini artırmaq ehtimalları artarsa, bu durum dolların daha kəskin möhkəmlənməsinə səbəb ola bilər. Dolların möhkəmlənməsi isə öz novbəsində yenidən digər maliyyə aktivlərinin, xüsusən də xammal qiymətlərinin azalmasına səbəb olacaq. Qlobal fond birjası indeksləri düşəcək, valyutalar devalvasiya təhlükəsi ilə üzləşəcək. 

"Report"un analitik qrupu inflyasiya göstəricisinin proqnozlardan yüksək açıqlanması halında dolların yeni bir "ralli"yə başlaya biləcəyini ehtimal edir və ilk mərhələdə avronun məzənnəsinin 1,10 USD/EUR həddindən aşağı düşəcəyini gözləyir (bu gün məzənnə 1,11 USD/EUR olub).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi