Yuxarı

Polşalı nazir: "Gəmiqayırmadan tutmuş nəqliyyat dəhlizlərində iştiraka qədər bütün sahələrdə əməkdaşlıq edə bilərik" - MÜSAHİBƏ

Ələt AİZ-in yaradılması Azərbaycan-Polşa əməkdaşlığına əlavə imkanlar

Polşanın Maliyyə, İnvestisiya və İnkişaf naziri Yeji Kveçinskinin "Report" İnformasiya Agentliyinə müsahibəsi:

- Polşa və Azərbaycan arasındakı iqtisadi əlaqələrin hazırkı səviyyəsini və perspektivlərini necə qiymətləndirirsiniz? Azərbaycan iqtisadiyyatının hansı sahələri polşalı investorlar üçün cəlbedici ola bilər?

- 2018-ci ildə Polşa-Azərbaycan ticarət dövriyyəsi 94,6 milyon ABŞ dolları təşkil edib. Bunun 80,7 milyon dolları Polşa ixracının payına düşür. Azərbaycandan isə Polşaya 13,9 milyon dollarlıq mal ixrac olunub. Artım tendensiyalarına baxmayaraq (2018-ci ildə ticarət dövriyyəsi öncəki illə müqayisədə 11,4% artıb), ticarətin hazırkı səviyyəsi azdır. Hər iki ölkədə sahibkarların hələ icra mərhələsinə çatmamış investisiya layihələri var. Əlbəttə ki, mövcud vəziyyət Polşa və Azərbaycanın potensial iqtisadi imkanlarına uyğun deyil. Polşa-Azərbaycan iqtisadi əməkdaşlığının genişlənəcəyinə ümid edirik.

Son illərdə Polşa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə bir sıra görüşlər keçirilib. 2017-ci ilin iyun ayında Azərbaycan Prezidentinin Polşaya səfəri baş tutub. Səfər zamanı strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq üzrə Yol Xəritəsi haqqında Birgə Bəyannamə imzalanıb. 2018-ci ilin sentyabr ayında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının həmsədri, Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Polşaya səfər edib. 2018-ci ilin dekabr ayında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev (2019-cu ilin oktyabrına qədər bu vəzifədə olub - red.) də Polşaya işgüzar səfər edib. 2019-cu ilin fevral ayında Polşanın Sahibkarlıq və Texnologiya Nazirliyinin dəvəti ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edib, mart ayında isə 20-dən çox polşalı sahibkarın Azərbaycana ticarət missiyası baş tutub. Mayda Polşa Prezidenti Andjey Duda Azərbaycana səfər edib.

Ümid edirik ki, aktiv iqtisadi dialoq investisiya layihələrinin və kommersiya müqavilələrinin reallaşdırılmasına gətirib çıxaracaq.

Polşalı sahibkarların fikrincə, əməkdaşlıq üçün bir çox perspektivli sahələr var. Məsələn, nəqliyyat, logistika, tikinti sektoru, kimya sənayesi, gəmiqayırma, kənd təsərrüfatı texnikaları və texnologiyaları, şəhər nəqliyyat vasitələri, əczaçılıq, həmçinin bərpa olunan və bərpa olunmayan enerji mənbələri və ekologiya layihələri.

Bakı limanında Ələt azad iqtisadi zonasının yaradılması əməkdaşlıq üçün əlavə imkanlar aça bilər.

- Ticari-iqtisadi əməkdaşlığın hansı sahələrində ən böyük tərəqqi əldə edilib və Azərbaycan ilə Polşa arasında hansı sahələr inkişaf üçün böyük potensiala malikdir?

- 2018-ci ildə Polşanın Azərbaycana ixracatı 12,2% artaraq 80,7 milyon ABŞ dolları, Polşa idxalı isə 6,9% artaraq 13,9 milyon ABŞ dolları təşkil edib. Polşa ixracatında əsas yeri elektromexanika sənayesi məhsulları (kombaynlar, qida emalı avadanlıqları, soyuducu avadanlıqlar, tibbi avadanlıqlar), qida məhsulları (pendir, dondurulmuş kartof məhsulları), kimyəvi məhsullar (diş pastası, dərman) tutur. Azərbaycandan mal idxalına gəlincə, ən çox artım ərzaq sektorunda (xüsusilə fındıq və şirələrin tədarükündə) və mineral məhsulların idxalında müşahidə olunur. Ümid edirik ki, hər iki ölkədə yaradılan biznesə dəstək strukturları Polşa-Azərbaycan ticarət və investisiya əməkdaşlığının inkişafına töhfə verəcək.

- Gəmiqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hansı imkanlar var? Bu sahədə hansısa danışıqlar aparılırmı?

- Fikrimizcə, Azərbaycanın gəmiqayırma və liman sənayesi, o cümlədən Ələtdəki Bakı limanı həm ölkənin özü, həm də böyük qonşu ölkələr üçün geniş inkişaf potensialına malikdir. Polşanın bu sahədəki müəssisələri Azərbaycan gəmiqayırma sektoru ilə əməkdaşlıq təcrübəsinə malikdirlər və buna görə Azərbaycanda gələcək inkişaf layihələri üçün Polşanın təklifləri çox maraqlı ola bilər. Polşanın gəmiqayırma şirkətləri əməkdaşlıq üçün açıqdırlar və Azərbaycan tərəfinə ehtiyaclarına uyğun olaraq bərə, patrul gəmiləri, yedək gəmiləri, digər növ gəmilər və dəniz sektoru üçün avadanlıqların inşası üçün kompleks texnoloji həllər təklif etməyə hazırdırlar.

- Polşa Prezidenti Andjey Duda Bakıya səfəri zamanı qeyd etmişdi ki, Polşa həmçinin nəqliyyat dəhlizlərində iştirak etməkdə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafında maraqlıdır. Polşa bu layihədə iştirak etməklə hansı fayda əldə edə bilər? Bu marşrut üzrə hansı mallar daşınır?

- Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin yaxşılaşdırılması məqsədilə Polşa ilə Azərbaycan arasındakı əməkdaşlıq hər iki ölkənin nəqliyyat potensialından düzgün istifadə etməyə imkan verəcək. TBNM bu məqsədə çatmaq üçün xüsusi əhəmiyyətə malik bir layihədir. Bu layihədə iştirak edən ölkələrin fəaliyyətləri sayəsində sınaq çatdırılmaları həyata keçirmək mümkün olub, bu yaxınlarda isə Qara və Xəzər dənizlərində müntəzəm fider əlaqə yaradılıb. İnfrastruktur baxımından marşrut yükdaşıma üçün hazırdır. TBNM Asiya-Avropa-Asiya marşrutu üzrə yüklərin, o cümlədən Trans-Sibir marşrutları üzrə daşınmayan malların daşınması üçün əlavə imkanlar yaradır.

- Son illərdə ölkədə aparılan iqtisadi islahatlardan sonra Azərbaycandakı biznes mühit polşalı sahibkarlar üçün nə dərəcədə cəlbedicidir?

- Son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, məsələn, lazımi icazələrin alınması prosedurlarının sadələşdirilməsi, müəssisələrin qeydiyyata alınmasının asanlaşdırılması, həmçinin elektron vizanın əldə edilməsi imkanı xarici sahibkarlar üçün biznes şəraitini asanlaşdırıb.

- Polşalı sahibkarların həm ölkə daxilində, həm də xaricində Azərbaycanın layihələrinə investisiya yatırmaq perspektivləri necədir?

- Polşalı sahibkarların Azərbaycan bazarına marağı hələlik tikinti və ərzaq sektorlarına yönəlib. Polşalı sahibkarlar Azərbaycanın sənaye parklarında tətbiq olunan təşviq mexanizmlərində, habelə Ələt azad iqtisadi zonasının yaradılması prosesində maraqlıdır. Bu da əməkdaşlıq üçün əlavə perspektivlər yaradır. Nəticə etibarilə gəmiqayırma, tullantıların emalı, yüngül sənaye, mebel istehsalı, həmçinin kimya sənayesi, energetika, kənd təsərrüfatı və qida məhsullarını emalı sahələrində əməkdaşlıq mümkündür. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində də əməkdaşlığın inkişaf perspektivlərini görürük. Polşa sahibkarları Ələt limanında yaradılan azad iqtisadi zonaya maraq göstərirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi