Yuxarı

EBRD prezidenti: "Azərbaycanla infrastruktur, turizm, xüsusi iqtisadi zonaların yaradılması sahəsində əməkdaşlıq etmək mümkündür"

Suma Çakrabarti: Ötən il EBRD Azərbaycanda 9 layihəyə maliyyə dəstəyi göstərib

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün iqtisadiyyat naziri, EBRD-də Azərbaycandan müdir Şahin Mustafayev ilə görüşüb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Ş.Mustafayev yenidən EBRD prezidenti seçilməsi münasibəti ilə S.Çakrabartini təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, Azərbaycanda EBRD ilə əlaqələrə böyük önəm verilir və S.Çakrabartinin Azərbaycana səfərləri tərəflər arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisidir: “Azərbaycan EBRD-nin dövlət və özəl sektorun inkişafına göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirir. Beynəlxalq maliyyə institutları, o cümlədən, EBRD ilə birgə həyata keçirilən layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Bugünədək EBRD tərəfindən Azərbaycana 164 layihə, o cümlədən özəl sektorda 154 layihə çərçivəsində 2,9 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. Bankın ölkədəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı, nəqliyyat sahələrinə yönələn, həmçinin banklara kredit xəttinin açılması, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir”.

Azərbaycan və EBRD arasında korporativ idarəetmə, infrastuktur, özəl sektor və s. sahələrdə əməkdaşlığın davam etdiyini vurğulayan Ş.Mustafayev Cənub Qaz Dəhlizinin önəmli hissələrindən olan TANAP layihəsi, eləcə də tranzit sahəsində Bankla əməkdaşlıq imkanlarının olduğunu deyib: “Hazırda Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlər görülür. İlkin mərhələdə texniki dəstək olmaqla bu sahədə EBRD ilə əməkdaşlıq perspektivləri çoxdur. Özəl sektorla EBRD arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var”.

EBRD prezidenti S.Çakrabarti isə yenidən Bankın prezidenti seçilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib: ”Məqsədimiz inkişaf etməklə olan ölkələrə dəstək göstərməkdir. Bu istiqamətdə səylərimizi daha da artıracağıq. Təkcə ötən il EBRD Azərbaycanda 9 layihəyə maliyyə dəstəyi göstərib. Azərbaycanla İnfrastruktur, turizm, xüsusi iqtisadi zonaların yaradılması sahəsində əməkdaşlıq etmək mümkündür”.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi