Yuxarı
    Bağlamaq

    Dünya Bankının regional direktoru: "Azərbaycanın makroiqtisadi vəziyyətinin sabitləşdirilməsinin yolu islahatlardan keçir" - MÜSAHİBƏ

    Bizim münasibətlərimiz səmimi və əsil tərəfdaşlığa əsaslanır
    © Report

    Gəncə. 10 fevral.REPORT.AZ/ Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Gəncədə səfərdə olub. O, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən Azərbaycanın Dünya Bankında üzvlüyünün 25 illiyi və ölkənin kənd təsərrüfatının inkişafı sahəsində fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Tədbirdən sonra isə M.Tembon "Report"un Qərb bürosuna müsahibə verib.

    - Səfərinizin ilk günü Azərbaycan Prezidenti və hökumətin iqtisadi blokuna daxil olan rəsmilərlə görüşdünüz. Əsas müzakirə olunan məsələlər nələr olub?

    - Hazırda biz Azərbaycanla əməkdaşlıq strategiyamızın aralıq icmalını həyata keçiririk. Görüşdə məqsədimiz Azərbaycanla tərəfdaşlıq proqramlarımızın əsas məsələlərini müzakirə etmək idi. Cənab Prezidentlə görüşən zaman, ötən 2 il ərzində görülmüş işlərin nəticələri ilə bağlı məlumat verdik və eyni zamanda növbəti 2 il üçün mümkün ola biləcək əməkdaşlıq barədə danışdıq.

    - Sizcə, Azərbaycan hökuməti milli valyutanın (manatın) məzənnəsinin və bank sektorunun sabitləşdirilməsi üçün daha hansı addımları atmalıdır?

    - Azərbaycanın makroiqtisadi vəziyyətinin sabitləşdirilməsinin yolu islahatlardan keçir. Son 2 il ərzində Azərbaycan hökuməti bir çox makroiqtisadi və digər istiqamətlərdə islahatlar həyata keçirib və bilirik ki, bunun əsasasında dayanan səbəb ölkənin xarici şoklara qarşı həssaslığı olub. Bir daha bildirmək istəyirəm ki, istənilən sabitəşdirmə tədbirləri üçün islahatlararın görülməsi zəruridir.

    - Dünya Bankı Cənub Qaz Dəhlizi layihəsi üçün əlavə vəsait ayırmağı planlaşdırırmı?

    - Bizim münasibətlərimiz səmimi və əsl tərəfdaşlığa əsaslanır və bu tərəfdaşlıq isə onu nəzərdə tutur ki, hər iki tərəf müzakirələrin gedişində öz fikirlərini, mövqelərini bir-birləri ilə bölüşür. Hazırda mən bunun, yəni belə bir müraciətin olub-olmaması haqqinda fikir bildirə bilməyəcəyəm.

    - Bu il daha hansı sahələrə kredit ayırmaq fikriniz var?

    - Qeyd etdiyim kimi, biz bir neçə istiqamət üzrə çalışırıq və bu fəaliyyətimizin əsas istiqamətləri bir neçə prinsiplərə əsaslanır. Bunlardan birincisi makroiqtisadi sabitliyin təmin edilməsi, digər istiqamətimiz isə insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş və dayanıqlı, inklüziv inkişafına nail olunmasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi