Yuxarı
    Bağlamaq

    Dünya Bankının ədliyyə missiyası Azərbaycana gəlir

    Bu missiya sonuncu dəfə Azərbaycanda keçən ilin iyunda olub

    Bakı. 31 yanvar. REPORT.AZ/ Dünya Bankının (WB) “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu Layihəsi” üzrə növbəti nəzarət misisyası fevralın 1-dən Azərbaycanda işə başlayacaq. “Report”un əldə etdiyi məlumata görə, səfər fevralın 10-dək davam edəcək.

    Missiyanın rəhbəri layihə qrupunun başçısı Amitabha Muxerjidir (Amitabha Mukherjee). Missiyanın Azərbaycan Ədliyyə Nazirliyində və bir sıra hüquq-mühafizə orqanlarında görüşlər keçirəcəyi gözlənilir.

    Əlavə edək ki, bu missiya sonuncu dəfə 2016-cı il iyunun 8-20-də Azərbaycanda olub.

    Qeyd edək ki, 2006-2014-cü illər üzrə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 11 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib.

    Xatırladaq ki, 2014-cu il oktyabrın 22-də ədliyyə naziri Fikrət Məmmədov və DB-nin Azərbaycan üzrə keçmiş meneceri Larisa Leşçenko ümumi dəyəri 100 mln. ABŞ dolları olan “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu Layihəsi"ni imzalayıblar.

    Layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, hüququn müxtəlif sahələri üzrə vətəndaşların məlumatlılığının artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi