Yuxarı

Dollar tədricən bahalaşacaq - PROQNOZ

Report: Gələn il neftin qiyməti 25-50 dollar/barel diapazonunda dəyişəcək

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FES) dekabrın 16-da nəhayət ki, uçot dərəcəsini 0,25% artıraraq 0,5%-ə çatdırıb. Bu qərar bazar iştirakçılarının 97%-i tərəfindən gözlənilən olub. Qərardan sonra maliyyə bazarlarının aktivlərində ciddi dəyişiklik qeydə alınmayıb. İstər valyuta, istər fond birjaları, istərsə də xammal qiymətləri cüzi dəyişikliklə kifayətlənib. Hazırda isə hamını maraqlandıran sual bundan sonra FES-in atacağı addımlar və bazarın buna reaksiyasıdır.

Qeyd edək ki, FES rəhbəri Cannet Yellen dünənki çıxışında ABŞ iqtisadiyyatının bərpa olunduğunu, lakin monetar siyasətin normallaşma prosesinin tədricən baş verəcəyini bildirib. O, hazırkı aşağı inflyasiya həddinin keçici olduğunu, əmək bazarındakı müsbət tendensiyanın davam etməsinin gec-tez inflyasiyanı artıracağını və ortamüddətli perspektivdə hədəf səviyyə olan 2%-ə çatacağını qeyd edib.

C.Yellen açıqlamasında uçot dərəcəsinin artırılması tempinə toxunaraq bildirib ki, faiz artımı iqtisadi yavaşlama şəraitində aşağı tempdə, iqtisadi artım yüksəldikdə isə onun dərəcəsinə uyğun olaraq daha sürətlə həyata keçirəcək. Bununla bərabər, qlobal maliyyə bazarının buna reaksiyası da nəzərə alınacaq.

"Report"un analitik qrupu hesab edir ki, qlobal maliyyə bazarı hər zaman FES-in qərarlarını nəzərə almaqla hərəkət edəcək. Qeyd edək ki, FES-in iclasları 45 gündən bir keçirilir. Yəni, növbəti iclas 2016-cı il fevralın ilk günlərində baş tutacaq. Bu vaxta qədər ABŞ iqtisadiyyatından gələn işsizlik, iqtisadi artım, inflyasiya göstəriciləri təqib olunacaq. FES uçot dərəcəsini artırarkən qlobal maliyyə bazarını da nəzərə almağa davam edəcək. İnkişaf etməkdə olan ölkələrdə böhran vəziyyəti FES-i öz qərarlarını yumşaltmağa və ya bir müddət ertələməyə vadar edə bilər. FES-in faizləri artırmağa başlaması inkişaf etməkdə olan ölkələrdən maliyyə axınının ABŞ-a istiqamətlənməsinə səbəb olacağından, FES-in növbəti qərarlarını atarkən ehtiyatlı davranacağı istisna edilmir.

Önə çıxan əsas amil Çin iqtisadiyyatındakı vəziyyət olacaq. Çin iqtisadiyyatındakı yavaşlama, yuanın devalvasiyası və neft qiymətləri dünya ölkələri iqtisadiyyatlarının gələcəyini müəyyən edəcək.

"Report"un analitik qrupu 2016-cı il üçün neftin qiymətinin 25-50 dollar/barel diapazonunda dəyişəcəyini proqnozlaşdırır. Belə olan halda Rusiya iqtisadiyyatının çətinliklərlə üzləşəcəyi, nəticədə, inkişaf etməkdə olan ölkələrdə böhran dalğasının yaranması mümkündür. Yanvar ayının sonunda İrana qarşı embarqonun aradan qaldırılması ilə neftin qiymətinin 25 dollar/barelə qədər enəcəyi ehtimal edilir. Ümumiyyətlə, yaxın 3-5 ildə neftin yuxarıda qeyd olunan diapazonda hərəkət edəcəyi gözlənilir. Buna əsas səbəb kimi, ABŞ-da neft hasilatının azalmaması, İran neftinin bazara çıxması, Çin iqtisadiyyatının zəifləməsi nəticəsində neftə tələbatın azalması, ABŞ-ın neft ixracına başlaması və s. amillər göstərilir.

Qızılın qiymətinin yaxın aylarda 1 000 dollar/unsiyaya, uzunmüddətli perspektivdə isə 700 dollar/unsiyaya qədər azalacağı ehtimal olunur. Qızılın ucuzlaşmasına əsas səbəb FES-in uçot dərəcəsini artırması nəticəsində qızılın maliyyə aktivi kimi cəlbediciliyini itirməsi və ABŞ istiqrazlarına tələbatın artması olacaq.

"Report"un analitiklərinin proqnozlarına əsasən, dolların məzənnəsinin ABŞ-da açıqlanan iqtisadi göstəricilərə əsasən hərəkət edəcəyi gözlənilir. Gələn il dolların avro ilə müqayisədə güclənməsi və USD/EUR məzənnəsinin paritetdən aşağı düşməsi proqnozlaşdırılır. FES-in 2016-cı ildə uçot dərəcəsini 2-4 dəfə artırması və 2% səviyyəsinə çatdırması ehtimal edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi