Yuxarı

Bugünkü valyuta hərracına daha 50 mln. dollar çıxarılır

Report: Sərt məzənnə hərəkətləri AMB tərəfindən bundan sonra da tənzimlənəcək

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bugünkü valyuta hərracında valyuta satışı həyata keçirəcək. "Report" xəbər verir ki, AMB valyuta hərraclarına başladığı 2016-cı il yanvarın 13-dən etibarən ilk dəfə həftə ərzində 4 hərrac keçirir. Bu hərracların 2-si manat intervensiyası (aprelin 4-də və 6-da), 2-si isə dollar intervensiyası (aprelin 7-də və 8-də) məqsədi ilə təşkil olunub. Hərracda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 50 mln. dollarlıq vəsaiti satacağı planlaşdırılır.

"Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda tələbin azalması mümkündür. Belə olacağı halda, məzənnənin 1,51 AZN/USD səviyyəsinə kimi azalması ehtimal edilir. 

"Satışa çıxarılan valyuta kütləsi tam həcmdə satılarsa, rəsmi məzənnə bir qədər artacaq, lakin 1,53 AZN/USD həddini üstələməyəcək", - deyə analitiklər qeyd edib. 

Ekspertlər bildiriblər ki, ümumiyyətlə, nağd dolların alış-satış məzənnəsinin azalma tendensiyası müşahidə olunur və yay aylarına doğru dollar təklifinin artması proqnozlaşdırılır: "Dolların məzənnəsinin 1,40 AZN/USD səviyyələrinə qədər enməsi ehtimal olunur. İstənilən vəziyyətdə kəskin məzənnə dəyişiklikləri Mərkəzi Bank tərəfindən intervensiyalar vasitəsi ilə bundan sonra da tənzimlənəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi