Yuxarı
    Bağlamaq

    ​Britaniya şirkətləri Azərbaycanın bank sisteminə maraq göstərir

    Böyük Britaniya şirkətləri Azərbaycanın bank sistemi sahəsində əməkdaşlıqda, ticarət əlaqələrinin daha da genişlənməsində maraqlıdır

    Bakı. 3 dekabr.REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    "Report"un AMB-nin yaydığı məlumata əsasən verdiyi xəbərə görə, görüşdə Azərbaycanda makroiqtisadi vəziyyət, bank sektorunun inkişafı, maliyyə sabitliyi, iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.

    Görüş zamanı E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, ölkənin xarici ticarət mövqeyi, eləcə də maliyyə-bank sistemi, o cümlədən Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, aparılan islahatlar, bankların kapitallaşması kimi məsələləri nümayəndə heyətinin diqqətinə çatdırıb. AMB sədri iqtisadiyyatın şaxələnməsi və maliyyə sektorunun gücləndirilməsinin ölkənin prioritet istiqamətlərindən olduğunu qeyd edərək, Azərbaycanın iqtisadi inkişaf tarixinə, maliyyə-bank sisteminin quruculuq mərhələlərinə, bu sahədə aparılmış islahatlara, həmçinin gələcək inkişaf prioritetlərinə dair geniş məlumat verib.

    Ç.Hendri Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, bank quruculuğu sahəsində aparılan islahatları yüksək qiymətləndirib. O, Böyük Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən bank sistemi sahəsində əməkdaşlıqda, ticarət əlaqələrinin daha da genişlənməsi və qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib.

    Görüşdə həmçinin Azərbaycanla Böyük Britaniyanın bank sistemləri arasında əməkdaşlığın mövcud vəziyyəti, qarşılıqlı ticarət və investisiya münasibətlərində maliyyə institutları, xüsusilə də bankların rolunun gücləndirilməsi məsələləri, eləcə də bu sahədə gələcək inkişaf perspektivləri müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi