Azərbaycanın daha bir sığorta şirkəti bazarı tərk edir

Azərbaycanın daha bir sığorta şirkəti bazarı tərk edir Söhbət "Azərqarant Sığorta"dan gedir
Maliyyə
8 Noyabr , 2016 11:03
Azərbaycanın daha bir sığorta şirkəti bazarı tərk edir

Bakı. 8 noyabr. REPORT.AZ/ "Azərqarant Sığorta" ASC fəaliyyətini dayandırıb. Bu barədə "Report"a Şirkətdən bildirilib.

Məlumata görə, "Azərqarant Sığorta"nın bazarı tərk etməsi kapital çatışmazlığı problemi ilə üzləşməsidir. Şirkətin 100% səhmdarı və Direktorlar Şurasının sədri Oqtay Abbas oğlu Əliyev problemi həll edə bilmədiyi üçün sığorta bazarından çıxmağa qərar verib.

Bundan sonra "Azərqarant Sığorta"nın öhdəliklərinin yerinə yetirilməsi üçün komissiya yaradılıb. Komissiyaya Şirkətin İdarə Heyətinin sədri Rəşad Əhliman oğlu Məmmədov rəhbərlik edir. "Azərqarant Sığorta"nın baş mühasibi Tamilla Vəli qızı Tağıyeva və Təftis Komissiyasının sədri Günel Qara qızı Xəlilova da komissiyanın tərkibinə daxil edilib.

Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 000 səhm əsasında formalaşıb. Bu ilin yanvar-sentyabr aylarında 238 040 manat sığorta haqqı toplayan Şirkət bunun cəmi 988 manatını və yaxud 0,42%-ni müştərilərinə ödəniş kimi geri qaytarıb. Son 1 ildə "Azərqarant Sığorta"nın yığımları 17,45% artıb, ödənişləri isə 41,47% azalıb.

Onu da qeyd edək ki, bu, ilin əvvəlindən bəri Azərbaycanda bazarı tərk edən sayca 4-cü sığorta şirkətidir. Bundan əvvəl "Buta Sığorta", "Alfa Sığorta" və "Beynəlxalq Sığorta Şirkəti"nin fəaliyyətinin dayandırmasına dair qərar qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi