Azərbaycanın bank sektorunun aktivləri yanvarda 3% artıb

Azərbaycanın bank sektorunun aktivləri yanvarda 3% artıb Bankların ay ərzində 496 mln. manat xalis zərəri olub
Maliyyə
18 Mart , 2017 10:53
Azərbaycanın bank sektorunun aktivləri yanvarda 3% artıb

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri bu il fevralın 1-nə 32 407,1 mln. manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, bu il yanvarın 1-i ilə müqayisədə 3,1% çoxdur.

Bankların aktivlərinin 50%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Ay ərzində bank sektorunun kredit portfeli 1,7% böyüyüb.

Yanvarda bankların cəmi öhdəlikləri 2,8% artaraq 30 347,5 mln. manat olub. Bunun 57%-ni və yaxud 17 301,6 mln. manatını depozit portfeli təşkil edib. Bu, aylıq müqayisədə 5,4% çoxdur.

Ay ərzində əhalinin banklardakı əmanətləri (fiziki şəxslərin depozitləri) 3,5% artaraq 7 691,3 mln. manata, hüququ şəxslərin depozitləri isə 7% artaraq 9 610,3 mln. manata çatıb.

Hesabat dövründə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 0,35% artaraq 1 701,4 mln. manat olub.

Yanvarda bank sektorunun cəmi kapitalı isə 7,9% artaraq 2 059,6 mln. manat təşkil edib.

Ay ərzində kredit təşkilatlarının faiz gəlirləri 179,8 mln. manat, faiz xərcləri 91 mln. manat, qeyri-faiz zərərləri 303,8 mln. manat, qeyri-faiz xərcləri isə 67,4 mln. manat olub. Son nəticədə bank sektorunun xalis əməliyyat zərəri 282,4 mln. manat təşkil edib.

Banklar aktivlər üzrə zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 212 mln. manat yönəldib, digər mənbələrdən isə 1,1 mln. manat gəlir əldə edib, 2,7 mln. manat isə mənfəət vergisi ödəyib. Beləliklə, bank sektoru yanvar ayını 496 mln. manat xalis zərərlə başa vurub. 

Son xəbərlər

Orphus sistemi