​Azərbaycanda yalnız kiçik biznes subyektlərində vergi yoxlamaları aparılmayacaq

​Azərbaycanda yalnız kiçik biznes subyektlərində vergi yoxlamaları aparılmayacaq Bu, illik dövriyyəsi 120 min manatdan az olan vergi ödəyicilərinə aiddir
Maliyyə
21 Noyabr , 2015 15:18
​Azərbaycanda yalnız kiçik biznes subyektlərində vergi yoxlamaları aparılmayacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı ilə bağlı qanunvericiliyə ediləcək dəyişiliklər bazarda alqı-satqının stimullaşdıracaq, vergi ödəyicilərinin bu sahədə inzibatçılıqdan irəli gələn çətinliklərini aradan qaldıracaq. Bunu "Report"a açıqlamasında Vergilər Nazirliyi vergi siyasəti şöbəsinin rəisi Nicat İmanov bildirib.

N.İmanov qeyd edib ki, daşınmaz əmlakla bağlı mövcud qanunvericilik - uçota alınma, bəyənnamənin təqdim edilməsi, hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsi, vergi orqanı ilə yazışma, ərizə təqdim etmə və digər işlərin aparılmasında müəyyən inzibati hərəkətlər vergi ödəyicilərinin işlərini xeyli çətinləşdirirdi: "Lakin yeni qanunvericiliklə vergi ödəyiciləri artıq inzibati yüklərdən azad ediləcək. Bu qanunun tətbiqi vergilərin hesablanması mexanizmində də sistemin sadələşməsinə səbəb olacaq. Eyni zamanda, bu, vergi ödəyicilərinin əmlakın alqı-satqısı zamanı bağlanan müqavilədə məbləğin şəffaf şəkildə əks olunmasına şərait yaradacaq. Çünki yeni qanunvericiliyə görə vergilərin hesablanması daşınmaz əmlakın təqdim edilmə qiyməti ilə deyil, onların sahəsinə uyğun hesablanacaq".

Şöbə rəisi qeyd edib ki, Vergilər Nazirliyinin kollegiya iclasında sahibkarlıq subyektləri sahəsində yoxlamaların müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib: "Məlum olduğu kimi, bu qərar təsdiqləndiyi gündən tətbiq edilir. Məsələn, illik dövriyyəsi 120 min manatdan az olan sadələşdirilmiş vergi ödəyicilərində artıq səyyar vergi yoxlamaları həyata keçirilmir. Lakin vergi ödəyicilərinin obyektlərində xronometraj metodu ilə müşahidələrin aparılması, əmək müqavilələrinin yoxlanılması və s. işləri Nazirlik davam etdirir".

N.İmanovun sözlərinə görə, qlobal iqtisadi böhranla bağlı ölkədə vergi yükünün azaldılması, vergi tətilinin tətbiqi kimi məsələlərlə bağlı Nazirlik mütəmadi olaraq vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir. Onun sözlərinə görə, buna ehtiyac yaranacağı təqdirdə Nazirlik növbəti ilin büdcə hesablamaları zamanı təkliflərini hökumətə təqdim edəcək.

Nazirlik rəsmisi vurğulayıb ki, Vergilər Nazirliyi hazırda sahibkarlarla tərəfdaşlıq etməyə daha çox üstünlük verir: "Eyni zamanda, Nazirlik tərəfindən vergi ödəyicilərinə yardımın göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Onlar hər hansı bir problemlə üzləşdikdə həm inzibati, həm də qanuni şəkildə məsələnin qısa müddətdə yoluna qoyulması üçün sahibkar vergi orqanına yönləndirilir".

Son xəbərlər

Orphus sistemi