Azərbaycanda xarici valyutada uzunmüddətli problemli kreditlərin xüsusi çəkisi artıb

Azərbaycanda xarici valyutada uzunmüddətli problemli kreditlərin xüsusi çəkisi artıb Manatla problemli kreditlərin həcmi xarici valyutada olan problemli kreditlərlə müqayisədə daha sürətlə azalıb
Maliyyə
6 Dekabr , 2016 16:30
Azərbaycanda xarici valyutada uzunmüddətli problemli kreditlərin xüsusi çəkisi artıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il noyabrın 1-nə 1 375,6 mln. manat təşkil edib. 

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 221,7 mln. manat və ya 13,87%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 132,9 mln. manat və ya 8,81% azalıb.

Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi isə 8,69% təşkil edib. Qeyd edək ki, oktyabrın 1-nə bu göstərici 9,52%, ilin əvvəlində isə 6,94% olub.

Manatla verilən vaxtı keçmiş kreditlər noyabrın 1-nə 632,3 mln. manat təşkil edib ki, bu da oktyabrın 1-nə nisbətən 131 mln. manat və ya 17,16% azdır. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 207,9 mln. manat və ya 24,74% azalıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 1,2 faiz bəndi, ilin əvvəlindən 0,21 faiz bəndi azalaraq 7,43%-ə çatıb.

Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin noyabrın 1-nə həcmi oktyabrın 1-nə nəzərən 15,3 mln. manat və ya 8,74% azalaraq 154,7 mln. manat təşkil edib. İlin əvvəlindən isə azalma 113,5 mln. manat və ya 42,32% olub. Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 11,71% təşkil edib. Bir ay əvvəl bu göstərici 12,89%, ilin əvvəlində isə 15,1% olub.

Manatla uzunmüddətli kreditlərdə problemli kreditlərin həcmi isə noyabrın 1-nə 477,6 mln. manat təşkil edib. Bu, oktyabrın 1-nə olan göstəricidən 110,7 mln. manat və ya 18,82% azdır. İlin əvvəli ilə müqayisədə isə manatla uzunmüddətli problemli kreditlər 94,4 mln. manat və ya 16,5% azalma göstərib. Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı noyabrın 1-nə 6,64%, ilin əvvəlinə 6,2%, oktyabrın 1-nə isə 7,85% təşkil edib.

Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi noyabrın 1-nə 743,3 mln. manat təşkil edib. Bu, oktyabrın 1-nə nisbətən 90,7 mln. manat və ya 10,88% azdır, cari ilin əvvəli ilə müqayisədə isə 75 mln. manat və ya 11,22% çoxdur.

Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi noyabrın 1-nə 10,17%, oktyabrın əvvəlinə 10,51%, ilin əvvəlinə isə 6,2% olub.

Xarici valyutada vaxtı keçmiş qısamüddətli kreditlərin həcmi noyabrın 1-nə 238,4 mln. manat təşkil edib ki, bu da oktyabrın 1-nə olan göstəricidən 70,7 mln. manat və ya 22,87%, ilin əvvəli ilə müqayisədə isə 66,4 mln. manat və ya 21,78% azdır. Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı noyabrın 1-nə 11,91% olub. Qeyd edək ki, əvvəlki ayda bu göstərici 13,71%, ilin əvvəlində isə 8,6% təşkil edib.

Xarici valyutada vaxtı keçmiş uzunmüddətli kreditlərin həcmi noyabrın 1-nə 504,9 mln. manat təşkil edib ki, bu da oktyabrın 1-nə olan göstəricidən 20 mln. manat və ya 6,07% azdır. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 141,4 mln. manat və ya 38,9% artıb. Xarici valyutada uzunmüddətli kreditlərdə problemli kreditlərin payı noyabrın 1-nə 9,51%, oktyabrın 1-nə 9,24%, 2016-ci ilin əvvəlinə isə 5% olub.

Son xəbərlər

Orphus sistemi