Yuxarı

​Azərbaycanda kredit qaytarmaqda ən çox əziyyət çəkən rayonlar müəyyənləşib - Siyahı

Azərbaycanda kredit qaytarılmasında ən az problemi məcburi köçkünlər yaradır

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanda problemli kreditlərin iqtisadi rayonlar üzrə məcmu kreditlərdə xüsusi çəkisi ilə bağlı statistik məlumatlar açıqlanıb. Cari ilin yanvarın 1-nə Abşeron iqtisadi rayonunda daha çox kreditlərin ödəniş vaxtı keçib.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, yanvarın 1-nə bu Abşeron iqtisadi rayonunda məcmu kredit qoyuluşunun 5,45%-i və ya 33,2 mln. manatının vaxtı keçib. Bildirək ki, bu göstərici ölkə üzrə 5,27% və ya 976,3 mln. manat, Bakı şəhəri üzrə isə 5,39% və ya 829,5 mln. manat təşkil edib.

Hesabata əsasən, kreditlərin qaytarılmasında ən az problem yaradan isə Kəlbəcər-Laçın iqtisadi rayonundan olan məcburi köçkünlər olub. Belə ki, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə məcmu kreditlərin cəmi 2,4%-i və ya 787,0 min manatının vaxtı keçib.

İqtisadi rayonlara kredit qoyuluşunda problemli kreditlərin xüsusi çəkisinə görə daha əlverişsiz mühit Lənkəran, Naxçıvan, Aran, Şəki-Zaqatala, Dağlıq Şirvan iqtisadi rayonlarında, daha əlverişli göstəricilər isə Yuxarı Qarabağ, Quba-Xaçmaz, Gəncə-Qazax iqtisadi rayonlarında qeydə alınıb.

Belə ki, Lənkəran iqtisadi rayonunda kreditlərin 5,31%-nin, Naxçıvan iqtisadi rayonunda 4,99%-nin, Aran iqtisadi rayonunda 4,61%-nin, Şəki-Zaqatalada 4,78%-nin, Dağlıq Şirvanda 4,27%-nin, Gəncə-Qazaxda 3,91%-nin, Quba-Xaçmazda 3,54%-nin, Yuxarı Qarabaxda 3,77%-nin ödəniş vaxtı keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi