Yuxarı

Azərbaycanda fond bazarı iştirakçılarının Etik Kodeksi hazırlanır

Gələn il brokerlərin imicinin formalaşdırılması məsələsinə də xüsusi diqqət yetiriləcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) bu ilin son aylarında üzvlərlə keçirdiyi fərdi görüşlər əsasında 2015-ci il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirib. "Report"un verdiyi xəbərə görə, bu barədə assosiasiyanın (AFBİA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov bildirib: "Fəaliyyət istiqamətləri arasında üzv olmayan şirkətlərin üzvlüyü, peşəkarların müzakirə platformasına nail olunması məsələləri də var".

“Mütəmadi görüşlərin keçirilməsi assosiasiyanın müzakirə platformasına nail olmasına kömək edəcək. Həmçinin yaxın gələcəkdə bir neçə nəfərlik işçi heyətinin yaradılması təklif olunur. Bunun üçün birliyin büdcəsi formalaşdırılmalıdır. Buna gələn ilin birinci yarısında nail olunacağı gözlənilir”, - AFBİA sədri qeyd edib.

C.İbrahimovun sözlərinə görə, ortamüddətli dövrdə əsas hədəf qiymətli kağızlar bazarının, brokerlərin doğru imicinin formalaşdırılmasıdır: "İmicin formalaşdırılması üçün vahid tarif siyasətinin müzakirəsi, investor və emitentlərin maarifləndirilməsi aparılmalıdır. Hədəflərdən biri də fərdi investorların bazara marağını artıracaq təşviqatın aparılması, yəni reklam və marketinq işinin düzgün təşkilidir".

AFBİA başçısı əlavə edib ki, üçüncü əsas hədəf isə peşəkar iştirakçıların riayət edəcəkləri Etik Kodeksin müəyyən olunmasıdır: "Hazırda Etik Kodeksin hazırlanması üçün beynəlxalq təcrübənin öyrənilməsi ilə məşğuluq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi