Yuxarı

Azərbaycanda daşınmaz əmlakın sığortalanması "ikinci baharını" yaşayır

Azərbaycanda daşınmaz əmlakın sığortalanmasında ikinci nəfəs

321

Son vaxtlar koronavirus pandemiyasının (COVID-19) yayılmasından qorunma tədbirləri ilə əlaqədar aktuallıq qazanmış atalar sözü var - “Mənim evim mənim qalamdır”. Bütün dünyanı cənginə alan pandemiyanın miqyasını nəzərə alsaq, “Evdə qal” şüarı təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya əhalisi üçün həyat tərzinə çevrilib, çünki karantin dövründə insanlar bir çox şeyi (işləməkdən tutmuş məhsul sifarişinə qədər) evlərini tərk etmədən həyata keçirir.

Əlbəttə ki, evdə özümüzü rahat hiss edirik və bütün xoşagəlməzliklərdən qorunuruq. Belə məqamda özümüzü və ailəmizi qoruya bilməyimizə vəsilə olan mənzillərin sığortalanması kimi vacib məqama diqqət yetirməyin əsl vaxtıdır.

Bir çox insan mənzilimizin də qorunmaya ehtiyacı olduğunu unutmağa meyllidir. O cümlədən bu gün ölkə vətəndaşlarının əmlakı üçün ən aktual problemlərdən biri həm qonşu mənzillərdən, həm də daxili istilik sistemindən su sızması ola bilər. Yanğınların və zəlzələlərin qarşısını almaq mümkünsüzdür və ziyanı bərpa etmək uzun çəkəcək və bahalı olacaq. Bundan əlavə, elektrik şəbəkəsindəki qısaqapanmadan və əmlakımıza zərər verə biləcək digər oxşar vəziyyətlərdən ehtiyatlanmaq lazımdır. Amma evimizi və ya mənzilimizi sığortalamaq və dinc yatmaq daha asandır.

Əlbəttə, əmlakın sığortalanması heç nəyin baş verməyəcəyinə zəmanət verə bilməz, çünki heç kim oğurluq və ya təbii fəlakətləri qabaqcadan görə bilməz. Lakin sığorta hadisəsi baş verərsə, bütün zərər sığorta şirkəti tərəfindən ödəniləcək. Sığortanın dəyəri vurula biləcək zərərin mümkün dəyəri ilə müqayisəolunmazdır. Buna görə əmlakın, o cümlədən mənzillərin, evlərin və şəhərətrafı daşınmaz əmlakın sığortalanmasının faydaları göz qabağındadır.

Azərbaycanda daşınmaz əmlakın sığortalanmasını tənzimləyən, başqa sözlə “İcbari sığorta növləri haqqında” qanunun 16 dekabr 2011-ci ildən qüvvəyə minməsinə baxmayaraq, 8 ildən artıq müddətdə əhali və sahibkarlar tərəfindən əmlaklarını sığortalamaq baxımından xüsusi fəallıq göstərilməyib.

Bu proses yalnız bu il aktiv mərhələyə qədəm qoyub və deyə bilərik ki, əhalinin özəl mülkünü könüllü sığortaladığı Qərb sığorta standartları Azərbaycanda kök salmağa başlayıb. Amma eyni zamanda qənaət etmək (bu, xüsusən kommersiya obyektlərinə aiddir) istəyi gələcək risklər haqqında düşüncələrdən daha çoxdur.

Bəs daşınmaz əmlakın sığortalanmasının üstünlükləri nələrdir?

Əvvəla, yadda saxlamalıyıq ki, bu sığorta növü, mənzil yanarsa və ya başqa bir şəkildə xarab olarsa, insanlardan maddi kömək istəməli olduğunuz hallardan qaçınmanıza imkan verir. Sığorta bizə sığorta hadisəsindən sonra əmlakı təmir etmək və ya bərpa etmək lazım olduqda etibar edə biləcəyimiz təhlükəsizlik hissi verir. Təmir xərcləri həmişə yüksəkdir. Sığorta bunun böyük hissəsinə əhatə edir, amma bu, sığorta polisinin bahalı olduğu anlamına gəlmir.

Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda yaşayış evləri və mənzilləri aşağıdakı əsaslarla sığortalamaq olar:

Bakı şəhərində yerləşən daşınmaz əmlaklar (yaşayış sahələri) üçün sığorta şərtləri aşağıdakı kimidir:

Sığorta haqqı 50 AZN

Təminat məbləği 25 000 AZN (25 000 AZN-dək dəyən zərərlər şərtsiz azadolma məbləği istisna olmaqla tam qarşılanır)

Şərtsiz azadolma məbləği 250 AZN

Gəncə, Sumqayıt və Naxçıvan

Sığorta haqqı 40 AZN

Təminat məbləği 20 000 AZN

Şərtsiz azadolma məbləği 200 AZN

Digər şəhərlər

Sığorta haqqı 30 AZN

Təminat məbləği 15 000 AZN

Şərtsiz Azadolma məbləği 150 AZN

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Amma istisnalar da var. Qadağan olunmuş ərazilərdə tikilən, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlaklar icbari sığortaya cəlb olunmur.

Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

- Sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

- Sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tədbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;

- Hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;

- Qrunt sularının səviyəsinin dəyişməsi;

- Suyun borulardan və ya rezervuarlardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mənzillərin icbari qaydada sığortalanmasına nəzarət Yerli İcra Hakimiyyətinə, qeyri-yaşayış obyektlərin icbari sığortalanması isə Azərbaycan Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğın Nəzarəti Xidmətinə həvalə olunub.

Sığorta müqavilələri bağlayarkən fors-major halında sığorta şirkətindən müvafiq məbləği əldə etmək üçün hər kəs sığorta şərtlərini diqqətlə öyrənməlidir. Müqavilənin tam versiyasını tələb edin, çünki polis blankında heç də hər şey yazılmır. Sığortalı hadisənin əlamətləri sadalanan bəndə xüsusi diqqət yetirilməlidir. O cümlədən sığortanın nəyə aid olmadığına diqqət yetirmək, şirkət nümayəndəsi ilə müxtəlif vəziyyətlərdə vurulan ziyanın təzminatı ilə bağlı proseduru dəqiqləşdirmək, müddət barədə soruşmaq lazımdır.

Həmçinin tikinti materialları, məişət texnikası, mebel, bahalı əşyalar və s. üçün bütün ödəniş qəbzlərini saxlamaq tövsiyə olunur.

Bu metodun bütün üstünlüklərini və mənfi cəhətlərini nəzərə alsaq, bir dəfə sığorta ödəməyin və müxtəlif qəzalardan qorxmamağın daha yaxşı olduğu məlum olur. Lakin sığorta müqaviləsini rəsmiləşdirməmişdən əvvəl diqqətli araşdırma ilə şirkət seçməyiniz tövsiyə olunur. Ən aşağı qiymətlərlə rəsmiləşdirmə təklif edən birini seçməməlisiniz, bir neçə ildir bazarda olan və müsbət nüfuza sahib olan şirkətə üstünlük verməlisiniz. Yalnız ehtiyaclarınızı ödəyəcək şirkət axtarın.

Əmlakın sığortalanması zamanı lazımi prosedurlara riayət etmək sakitlik və gələcəyə inam gətirəcək.

Əhalinin məlumatlandırılmasına gəlincə, ötən ilin sonundan etibarən sığorta şirkətləri maarifləndirmə məsələsi ilə kifayət qədər fəal məşğul olmağa başlayıb. Bu, həm mənzillərin sığortalanması ehtiyacı barədə ev ünvanına bildiriş göndərmək, yaşayış binalarının bloklarında məlumat asmaq, həm də maarifləndirici videoçarxlar hazırlamaqla həyata keçirilib.

İstifadə edilməmiş potensialı nəzərə alsaq, Azərbaycan daşınmaz əmlakın sığorta haqlarını əhəmiyyətli dərəcədə artıra bilər.

Azərbaycanla qonşu ölkələrdə daşınmaz əmlakın sığortalanmasından əldə olunan vəsaitin payı ümumi ödənişlərin 20%-ni təşkil edir, ölkəmizdə isə bu rəqəm 10%-i belə keçmir. Bu ölkələrin mühasibat və nəzarət sistemini modernləşdirməklə bu səviyyəyə çatdığı məlumdur. Müvafiq olaraq, Azərbaycan da oxşar nəticəyə nail ola bilər və bu prosesi isə daşınmaz əmlakın icbari sığortasının bütün növlərinin elektronlaşdırılması, yəni elektron formada sığorta şəhadətnamələrinin verilməsi sürətləndirəcək.

Azərbaycanda nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında əvvəllər olduğu kimi kağız sənədlərdə deyil, elektron sənəd şəklində bağlanmış müqavilələr buna bariz nümunədir. Avtomobil sahibləri sığorta şirkətlərinə elektron qaydada müraciət edirlər. Bənzər sistem daşınmaz əmlakın icbari sığortasının hər üç növünə tətbiq olunarsa, bu bazarda ciddi artım görəcəyik. Çünki bu, vaxta əhəmiyyətli dərəcədə qənaət etmək imkanı verəcək, deməli, mənzilin sığortalanmasını sonraya təxirə salmaq istəyi olmayacaq.

Hesablamalara görə, ölkədə daşınmaz əmlakın icbari sığortasının potensialı ildə 350-400 milyon manatdır.

“Qayğımıza qalacaqlar” prinsipindən uzaqlaşmaq lazımdır

Hazırda dünyada baş verən təbii fəlakətləri nəzərə alaraq daşınmaz əmlakının sığortalanması məsələsinin aktuallığı artır. Aydındır ki, təbii fəlakətlərdən sığortalanmaq mümkün deyil, çünki o, fors-major hallarına aiddir və sığorta sektorundakı əsas risklər siyahısına daxil edilib. Lakin təbii fəlakətin vurduğu zərəri sığortalamaq olar.

2010-cu ilin yazında Kür və Araz çaylarında baş verən daşqınlar nəticəsində ətraf ərazilərin su altında qalmasından 9 ildən çox zaman keçir. Daşqınların nəticələrini aradan qaldırmaq üçün dövlət büdcəsindən 460 milyon manatdan çox vəsait ayrılıb. 2012-ci ilin may ayında Qax – Zaqatala bölgəsində baş vermiş güclü zəlzələnin nəticələrini aradan qaldırmaq üçün isə dövlət başçısının təşəbbüsü və göstərişi ilə 420 milyon manat vəsait ayrılıb. Bu vəsait zərərçəkən vətəndaşların problemlərinin həllinə istiqamətlənib. Xatırladaq ki, zəlzələ Azərbaycanın Zaqatala, Balakən və Qax bölgələrindəki yaşayış binalarına, sosial və infrastruktur obyektlərinə ciddi ziyan vurub.

Bu vəsaitlər hesabına daşqın bölgəsindəki zərərçəkənlərə də təzminatlar ödənilməsinə baxmayaraq, bunların məbləği dəymiş maddi ziyanı tam ödəməyib. Belə ki, mövcud qaydaya görə, təbii fəlakətin baş verdiyi təqdirdə dövlətin göstərdiyi maddi yardım dəymiç maddi ziyanın 20 faizinə qədər olmalıdır. Yəni Fövqəladə Hallar Nazirliyi qəzalı vəziyyətə olan evə görə zərərçəkmiş ailə üçün ev tikə bilər, lakin dövlət evin təmir xərclərini tam ödəmək niyyətində deyil və bu da sığortalanmanın üstünlüklərini və zəruriliyini bir daha ortaya qoyur.

Azərbaycanda icbari sığorta hələ 2011-ci ildən qüvvəyə minsə də, dövlət hələ də təbii fəlakətlərin və qəzaların yetirdiyi maddi ziyana görə təzminat ödəyir. Özü də bu həm 2019-cu ilin əvvəllərində Şamaxı, Ağsu, İsmayıllıda baş vermiş zəlzələdən, həm də “Diqlas” ticarət mərkəzində baş verən yanğından sonra yaşanıb. Burada çalışan sahibkarların əmlakı sığortalanmadığı üçün çəkdikləri maddi ziyan dövlət tərəfindən ödənilib.

Ticarət müəssisələrində əvvəllər da yanğın hadisələri olub, amma məhz “Diqlas”dakı hadisədən sonra sahibkarlar arasında daşınmaz əmlakı sığortalamağa marağın bir qədər artdığı diqqət çəkdi. Buna baxmayaraq, “EuroHome” tikinti materailları bazarındakı son faciəvi hadisədən yenə də alışdığımız mənzərənin şahidi olduq, yəni sahibkarların sığortalanmadığı üçün dəymiş ziyanın ticarət mərkəzinin rəhbərliyi tərəfindən ödəniləcəyi gözlənilir. Sığortalanma olsaydı, zərər sığorta şirkətləri tərəfindən ödənilərdi.

Dövlət tərəfindən kompensasiya ödənilməsini artıq gözləməyə dəyməz. Dövlət yalnız müstəsna hallarda, əsasəndə aztəminatlı vətəndaşları dəstəkləyəcək.

Belə ki, dekabrın 19-da ölkə Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə zamanı dövlət başçısı bildirib: “Ticarət obyektlərinin hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özləridir, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil.

Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var?”

Bundan başqa, müxtəlif ticarət obyektlərində baş vermiş son hadisələr mülk sahiblərinin kommersiya məqsədli daşınmaz əmlakının icbari sığortasını sırf vergi kimi (nə qədər az ödəmə eləsələr, özlərinə bir o qədər çox xoşbəxt hiss edirlər) deyil, biznes fəaliyyətlərinin risklərini idarə etmək üçün bir vasitə kimi qəbul etməli olduğunu təsdiq edir.

Buna görə sığorta şirkətləri və onların agentləri üçün əhaliyə obyektlərin tam sığortalanmasının zəruriliyini çatdırmaq çox vacibdir. Biznesmenləri əmlaklarını sığortalamağa inandırmağın ən yaxşı yolu onların risk menecmenti üzrə məlumatlı olmasıdır. Onlara izah etmək lazımdır ki, sığorta vasitədir, bunun nəticəsində iş adamı maliyyə itkilərinin bir hissəsini sığorta şirkətinə “keçirir” və bununla da biznesini zərərlərdən qoruyur.

Təəssüf ki, tariflərin aşağı salınması ticarət obyektlərinin sığortalanması üçün stimul yaratmayacaq. Bizdə bazarda bu sığorta növünün qiyməti sığorta polisinin əhatə etdiyi risklərə nisbətən onsuz da çox aşağı səviyyədədir.

Kommersiya mülkləri üçün icbari sığorta polislərinin mövcudluğunu qeydə alma mexanizminə gəlincə, bu gün ölkəmizdə o, qeyri-kommersiya yaşayış sahələri üçün sığorta polisinin mövcudluğunu izləyən sistemdən daha keyfiyyətli qurulub. Kommersiya obyektlərində sığorta polisinin mövcudluğuna Fövqəladə Hallar Nazirliyi nəzarət edir və o da cərimə sanksiyaları tətbiq etmək hüququna malikdir.

İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinin 1-ci bəndinə əsasən, icbari sığorta müqaviləsi bağlanmaması təqdirində cərimələr fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün 200 manat təşkil edir.

Dünya təcrübəsi

Gördüyümüz kimi, əmlakın zəlzələdən və digər gözlənilməz vəziyyətlərdən sığortalanması sisteminə ehtiyac çoxdur. Bəs digər yüksək riskli ölkələrdə yaradılan sığorta sistemlərinin təcrübəsi necədir?

Bu gün Yeni Zelandiya zəlzələfən sığortalanma üzrə dünya lideridir.

Bu ölkədə yaşayış üçün daşınmaz əmlak zəlzələlərdən ilk risk əsasında kostruksiya hissəsi üzrə 100 000 Yeni Zelandiya dollarına və daşınar əmlak baxımından 20 000 Yeni Zelandiya dollarına qədər sığortalanır. Bu gün mənzillərin təxminən 95%-i və onun tərkibinin 75%-i sığortalıdır.

Yaponiyada evlərin zəlzələdən sığortalanması ilk dəfə 1964-cü ildə - Niiqata zəlzələsində 26 nəfərin ölməsi və 2 minə yaxın evin məhv olmasından sonra tətbiq edilib. Əvvəlcə mənzillərin zəlzələdən sığortalanması tamamilə hökumət tərəfindən həyata keçirilirdi. Digər əsas hadisə 1998-ci ildə bazarın yenidən tənzimlənməsi oldu. Hazırda Yaponiya hökuməti təkrarsığorta yükünü özəl şirkətlərlə birlikdə bölüşür. Dövlət əsasən zəlzələ riski üzrə sığortalanmada “yüklənir”, bir hadisənin ümumi əhatə dairəsi isə 4,5 trilyon yen təşkil edir.

ABŞ-da zəlzələ riski sığortasına tələbat 1971-ci ildə San Fernando zəlzələsindən sonra yarandı. Bazar sürətlə inkişaf etdi. 1980-ci ildə satış 1970-ci ildəki səviyyəni 6 dəfə üstələdi. 1990-cı ildə bazarın həcmi 1980-ci ildəkindən 10 dəfə çox oldu.

1994-cü ildə Nortricdə ABŞ tarixindəki ən bahalı zəlzələ baş verdi. Nəticə üçdə iki hisssi mənzil sektorunun payına düşməklə, 15 milyard ABŞ dolları dəyərində zərər oldu. Kaliforniya ştatının qanunverici orqanı sığorta polislərini satmaq üçün 1996-cı ildə yeni “California Earthquake Authority” (Kaliforniya ştatında zəlzələlər üzrə Şura, CEA) təsis etdi. İndi CEA zəlzələdən sığorta üzrə dünyanın ən böyük şirkəti və zəlzələdən sığortalanmada dövlətin iştirakı olan yeganə ABŞ şirkətidir.

1999-cu ildə Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra qurulan “Turkish Catastrophe Insurance Pool” (Türkiyə Fəlakət Sığorta Hovuzu, TCIP) milli fəlakət hovuzuna nümunədir. Hovuz Türkiyənin Zəlzələ və Daşqın Bərpası Proqramının (TEFER) bir hissəsi olsa da, yalnız zəlzələ riskini əhatə edir.

TCIP sığortası yalnız yaşayış binalarına aiddir. Hovuzun yol verilən həddi aşıldıqda əlavə sığorta şirkəti tərəfindən sığortalanma mümkündür. Hovuzun özü milli təkrarsığortaçı “Milli Re” tərəfindən idarə olunan təkrarsığorta ilə qorunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi