Yuxarı

Azərbaycanda bankların depozit portfeli bir ayda 2% artıb

Xarici valyutada müddətli depozitlərin sürətlə artması bankların faizləri aşağı salmasına səbəb olub

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları üzrə məcmu depozit portfelinin həcmi 2015-ci il may ayının 1-nə 18 831,1 mln. manat təşkil edib. Bu, aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 312 mln. manat və ya 1,7% çoxdur. Bu həcmə qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri də daxil edilib.

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata görə, depozit portfelinin 5 007,1 mln. manatı və ya 26,6%-i milli valyuta, 13 824 mln. manatı və ya 73,4%-i isə xarici valyutada yerləşdirilib. Müqayisə üçün bildirək ki, aprelin 1-nə bu göstəricilər müvafiq olaraq 30% və 70% olub.

Qeyd etmək lazımdır ki, xarici valyutada tələb olunanadək depozitlər 9,1 mln. manat azalsa da, müddətli depozitlərdə 860,8 mln. manatlıq artım olub. Məhz bu artım səbəbindən banklar xarici valyutada faizləri aşağı salmağa məcbur olub.

"Report"un analitik qrupu bildirir ki, fevral ayında həyata keçirilən milli valyutanın devalvasiyasından sonra xarici valyutada depozit faizləri manatla depozit faizlərinə bərabər olduğu halda hazırda faizlər arasında önəmli fərq yaranıb. Manatla depozitlər illik 12-15%, xarici valyuta isə 3-6%-lə qəbul olunur. Bu isə valyuta bazarındakı qeyri-müəyyənlik səbəbindən əhalinin xarici valyutada kreditlərə tələbatının olmamasından irəli gəlir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi