Yuxarı

Azərbaycanda bağlanan bankların əmanətçilərinə 142 mln. manatadan artıq kompensasiya ödənilib

Bunun əsas hissəsi Texnikabankın qorunan əmanətçilərinə verilib

Bakı. 13 may. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu (ƏSF) sığotya hadisəsi baş vermiş kommersiya banklarının vəsaitləri qorunan əmanətçilərinə indiyədək toplam 142,345 mln. manat kompensasiya ödəyib.

"Report"un Fonda istinadən verdiyi xəbərə görə, “Texnikabank” ASC-nin əmanətçilərinə ƏSF tərəfindən seçilmiş agent banklar vasitəsi ilə kompensasiya ödənişi davam etdirilir. Agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərə 117,585 mln. manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, sığorta hadisəsi baş vermiş “Texnikabank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 2016-cı il fevralın 12-dən başlanılıb. Agent bank kimi isə “Muğanbank”, “Rabitəbank”, “Unibank” və “Kapitalbank” ASC-lər seçilib.

Eyni zamanda, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” və “Gəncəbank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənişi davam etdirilir. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan “Bank of Azerbaijan”ın əmanətçilərə 23,889 mln. manat ödənilib. Bu bank üzrə ərizələrin qəbuluna yanvarın 29-da başlanılıb.

“Gəncəbank”ın əmanətçilərinə isə indiyədək 871 min manat kompensasiya ödənilib. Qeyd edək ki, 30 iyul 2007-ci ildən Fonda üzv olan Bankda bu ilin yanvarın 28-də sığorta hadisəsi baş verib, əmanətçilərdən ərizələrin qəbuluna isə fevralın 4-də başlanılıb.

Xatırladaq ki, Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank”, “Bank of Azerbaijan” və “Gəncəbank” ASC-lərin qorunan əmanətçilərinə 100% həcmində (30 min manatadək) kompensasiya ödənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi