Yuxarı
    Bağlamaq

    Azərbaycanda 170-ə yaxın sığorta agentinə qarşı tədbir görülüb

    Sığorta vasitəçisi fəaliyyəti üçün verilmiş lisenziyalar ləğv edilib və qüvvəsi dayandırılıb

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının bugünki qərarına əsasən 2 hüquqi şəxs və 86 nəfər fiziki şəxsə sığorta vasitəçisi fəaliyyəti üçün verilmiş lisenziyalar ləğv edilib. 

    Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda deyilir ki, “Lider Sığorta Agentliyi” MMC-nin lisenziyasının ləğv olunmasına səbəb, “Sığorta fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinin tələblərinə riayət etməyərək sığorta sirri hesab edilən məlumatların yayılmasına şərait yaratması və qanunun 84.1.2.3-cü maddəsinin tələblərini pozaraq cəmiyyətə lisenziya verilməsi üçün əsas götürülmüş rəhbər vəzifəyə təyin ediləcək şəxs barədə yanlış məlumatlar verməsidir: ““Lider Sığorta Agentliyi” MMC-də aparılmış yoxlama zamanı hesabatların təqdim edilməməsi və hesabatların natamam tərtib edilməsi ilə yanaşı onların təhrif edilməsi, sığorta sirri ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi zamanı sığorta qanunvericiliyin tələblərinə riayət edilməməsi, lisenziya verilməsi üçün əsas götürülmüş sənədlərdə əks olunmuş səhv və yalnış məlumatlarla bağlı faktlar aşkar edilib. Yoxlama zamanı müəyyən edilmişdir ki, “Lider Sığorta Agentliyi” MMC fəaliyyət dövrü ərzində 526 762 sığorta müqaviləsi üzrə ümumilikdə 93 418 418 manat sığorta haqqı toplamış və bunun müqabilində komisyon muzd əldə edib”.

    Qeyd olunanlarla yanaşı, yoxlama zamanı “Lider Sığorta Agentliyi” MMC-nin hesabatlarında məlumatların təhrif edilməsi faktı aşkar edilib. Belə ki, 2014-cü il ərzində sığorta müqavilələrinin bağlanmadığı açıqlansa da, yoxla zamanı ASC tərəfindən 2014-cü ilin 9 ayı ərzində 157 783 müqavilə bağlandığı, 32 350 476 manat sığorta haqqının toplandığı aşkar olunub. 

    Direktorlar Şurasının qərarı ilə həmçinin, sığorta agenti fəaliyyəti ilə məşğul olan daha 1 hüquqi şəxs ilə yanaşı 85 nəfər fiziki şəxsin lizensiyaları ləğv edilib. Qeyd olunan şəxslərin lisenziyalarının ləğvi 9 halda könüllü, 78 halda isə məcburi qaydada olub.

    Lisenziyalarının məcburi ləğvinə səbəb sığorta vasitəçilərinin Palata tərəfindən edilən rəsmi xəbərdarlıqlara baxmayaraq “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərin pozulması ilə əlaqədardır.

    MBNP-nin Direktorlar Şurasının digər qərarına əsasən isə rüblük hesabatlarını maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi formada Palataya təqdim etmədiklərinə görə sığorta agentləri fəaliyyətinə lisenziya almış 78 nəfər fiziki şəxsin lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi