Yuxarı

Azərbaycan xarici bazarlardan 1 mlrd. dollar cəlb etmək niyyətindədir

Bu vəsait Cənub Qaz Dəhlizi şirkətinin istiqrazlarının yerləşdirilməsi yolu ilə cəlb olunacaq

Bakı. 10 mart. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi" şirkətinin dövlət zəmanətli istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanılıb. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

"Şahdəniz 2", Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin maliyyələşdirilməsi məqsədi ilə “Cənub Qaz Dəhlizi” şirkəti tərəfindən buraxılacaq istiqrazların beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanıb. Azərbaycan Nazirlər Kabinetinin 7 mart 2016-cı il tarixli qərarı ilə dövlət zəmanəti verilmiş istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "CitiBank", "UniCredit", "JP Morgan" bankları səlahiyyətləndirilib. “Lazard FreresSAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxıs edir", - deyə Nazirlikdən qeyd olunub.

Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi, “Cənub Qaz Dəhlizi” şirkəti və Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) nümayəndələrinin də təmsil olunduğu heyətin martın 10-16-da dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu-York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində potensial investorlarla görüşləri nəzərdə tutulur.

Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 mlrd. ABŞ dolları həcmində proqnozlaşdırılır.

Xatırladaq ki, bundan öncə maliyyə naziri bildirib ki, "Cənub Qaz Dəhlizi" şirkətinin beynəlxalq bazarlarda 2 mlrd. dollar həcmində istiqraz emissiyasının yerləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il tarixli sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 mln. ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-yə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi