Yuxarı
    Bağlamaq

    ​Azərbaycan və Rusiya gömrük xidmətləri arasında sənədlər imzalanıb

    Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi də aparılıb

    Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün Moskvada Azərbaycan və Rusiya gömrük xidmətləri orqanları arasında bir sıra sənədlər imzalanıb. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

    Sənədlərin imzalanması Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri zamanı baş tutub.

    Sənədlərin imzalanmasından öncə Azərbaycan nümayəndə heyətinin Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovla görüşündə iki qonşu ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açılıb.

    Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

    Sonra Azərbaycan və Rusiya gömrük xidmətləri arasında sənədlər - “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin gömrük idarələrinin və postlarının rəisləri səviyyəsində işçi görüşlərin keçirilməsinin mütəmadiliyi Qrafiki” imzalanıb.

    Sənədləri DGK-nin sədri A.Əliyev və Rusiya FGX-nin rəhbəri A.Belyaninov imzalayıblar.

    Xatırladaq ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”un imzalanması Azərbaycandan Rusiyaya ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradacaq.

    Protokol layihəsində müəyyən növ malların buraxılış məntəqələrindən keçirilməsi zamanı gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulub ki, bu da ölkəmizin bəzi kənd təsərrüfatı məhsullarının ixracının artırılması üçün mühüm əhəmiyyət kəsb edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi