Yuxarı

Azərbaycan və Polşa iqtisadi əlaqələri genişləndirir

Yanuş Pexoçinski: Yaxın 2-3 ilə ticarət dövriyyəsinin 1 mlrd. dollara çatacağı gözlənilir

Bakı. 3 iyun. REPORT.AZ/ Polşa beynəlxalq iqtisadi əlaqələrin qurulmasında Şərqlə Qərb arasında diversifikator rolunu oynaya bilər. "Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski bu gün keçirdiyi mətbuat konfransında deyib.

Polşalı nazir Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını və bunun üçün geniş potensialının olduğunu açıqlayıb: "Biz bir çox sahələrdə, xüsusən də tələbə mübadiləsi sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Bu məsələlərlə bağlı ölkə başçısı ilə də səmərəli müzakirələrimiz olub".

Həmçinin Y.Pexoçinski Polşa tərəfinin Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb: "Düşünürəm ki, SOCAR-la da əməkdaşlığı genişləndirmək mümkündür. Tranzit ölkə kimi Şərqlə Qərb, Almaniya və başqa qonşu ölkələrlə əlaqələrin inkişafında vasitəçi ola bilərik".

Nazir bildirib ki, yaxın illərdə Polşa ilə Azərbaycan arasında ticarət dövriyyəsinin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub: "Ötən il ticarət dövriyyəsi 170 mln. dollar olub. Yaxın 2-3 ilə isə bu göstəricinin 1 mlrd. dollara çatacağı gözlənilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi