Yuxarı

Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının nümayəndə heyətini qəbul edib

Görüş zamanı ölkədə həyata keçirilən və DB tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti müzakirə olunub

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan Dünya Bankının (DB) maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “Report”a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülən işlər və bank sektorunda aparılan islahatların vəziyyəti, DB-nin Azərbaycan üzrə kredit portfeli və Mərkəzi Bank ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı fikrilərini bölüşüb.

AMB sədri qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri R.Behrndtin ölkənin son qlobal çağırışlara adekvat reaksiya verilməsi istiqamətində atılan addımları, o cümlədən qeyri-neft sektorunun inkişafı, inklyuziv iqtisadi artım, maliyyə sabitliyinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülən işləri xüsusilə vurğulayıb. R.Behrndt Azərbaycanın, o cümlədən AMB-nin DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini önə çəkib.

Görüş zamanı Azərbaycanda həyata keçirilən və DB tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, dünyada baş verən proseslərin inkişaf etməkdə olan ölkə iqtisadiyyatına təsiri, DB-nin yeni şəraitdə siyasəti, üzv ölkələrə dəstəyi kimi məsələlər də müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi