Yuxarı
    Bağlamaq

    Azərbaycan 2017-2020-ci illər üçün makroiqtisadi çərçivənin hazırlanmasında EBRD-yə əməkdaşlıq təklif edib

    İndiyədək EBRD tərəfindən Azərbaycana 2,8 mlrd. dollar məbləğində kredit ayrılıb

    Bakı. 12 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniyaya səfər zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabarti ilə görüşüb.

    "Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanla EBRD arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi, hazırkı iqtisadi şəraitdə ölkənin iqtisadi siyasətindəki prioritetlərə dair müzakirələr aparılıb.

    Nazir Azərbaycanla Bank arasındakı səmərəli əməkdaşlığın çoxşaxəli olduğunu vurğulayıb. Bildirilib ki, Bankın ölkədəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı sahələrinə yönəlmiş, həmçinin banklara kredit xəttinin açılması, səhm kapitalında iştirak, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir: "İndiyədək EBRD tərəfindən Azərbaycana 161 layihə çərçivəsində 2,8 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. EBRD özəl sektorda 151 layihəni maliyyələşdirilib".

    Ş.Mustafayev Bankın Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrinə investisiya yatırılması, aqroparkların təşkilinə dəstək göstərilməsi, kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlıq və s. sahələrdə əlaqələrin genişlədirilməsini, 2017-2020-ci illər üçün makroiqtisadi çərçivənin hazırlanmasında əməkdaşlıq təklif edib.

    EBRD-nin prezidenti S.Çakrabarti Bankın ölkə iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərildiyini qeyd edib, əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini vurğulayıb, Azərbaycan tərəfinin təkliflərinin reallaşdırılması imkanlarına baxılacağını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi