Yuxarı

"Azəraqrartikinti"nin minoritar səhmdarları kütləvi şəkildə payını satır

Son bir ayda müəssisənin 8 600 səhminin sahibi dəyişib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Son bir ayda "Bakı Fond Birjası" QSC-də (BFB) "Azəraqrartikinti" ASC-nin səhmlərinin alqı-satqısı üzrə 70 əqd bağlanılıb. "Report" BFB-yə istinadən xəbər verir ki, bu əqdlər hər birinin nominal dəyəri 20 manat olan 8 580 səhmin (171 600 manatlıq) realizə edilməsini nəzərdə tutur.

Səhmlərin hamısı təkrar bazarda əldə edilib. Qiymətli kağızları satan və alan tərəflər açıqlanmasa da, əqdlərin əksəriyyətində 130 səhmin alınıb-satılması şirkətin minoritar səhmdarlarının kütləvi şəkildə payından imtina etməsindən xəbər verir.

Xatırladaq ki, "Azəraqrartikinti"nin səhmləri müəssisənin işçiləri arasında bölünüb və hər işçiyə 130 səhmdən ibarət paket çatıb. Səhmlərin ümumi sayı isə 561 470-dir. Onların əsasında ASC-nin 11 229 400 manatlıq nizamnamə kapitalı formalaşıb.

"Azəraqrartikinti" səhm sahiblərinin kütləvi şəkildə dəyişməsi ilə bağlı açıqlama vermək istəməyib. Yalnız onu bildirirlər ki, şirkətin 4 319 səhmdarı var. Fond bazarı üzrə mütəxəssislər isə hesab edirlər ki, əgər səhmlər ardıcıl olaraq alınıb-satılırsa, çox güman ki, müəssisənin əsas səhmdarı minoritar səhmdarların hesabına payını artırmaqdadır. Yəni, şirkətə yeni səhmdarların gəlməsi real deyil.

Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Maliyyə hesabatını açıqlamayan şirkət bir sıra dövlət sifarişlərində icraçı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi