Yuxarı

ASA: Azərbaycan sığorta bazarı potensialının 10%-i həcmindədir

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri milli sığorta bazarının böyük potensiala malik olduğunu düşünür

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan sığorta bazarı həddindən artıq böyük potensiala malikdir və hazırda bazarın faktiki həcmi mövcud potensialın 10%-ni təşkil edir. “Report”un verdiyi xəbərə görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov “Sığortalı gənclik” layihəsi çərçivəsində Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün keçirilən sığorta təlimində çıxışı zamanı deyib.

Tədbirdə ali təhsil müəssisəsinin 50-dən artıq tələbəsi iştirak edib. ASA sədri sığortanın tarixi, dünya sığorta bazarında gedən proseslər, Azərbaycanın sığorta sektorundakı mövcud vəziyyətlə bağlı tələbələrə geniş məlumat verib. O.Bayramov sığortanın əsl mahiyyəti, onun əhaliyə xeyri, sığortanın ümumi iqtisadiyyatdakı payı barədə də danışıb.

Qeyd edək ki, “Sığortalı gənclik” layihəsi Maliyyə Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Təşkilatçılar isə ASA, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyidir. Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi