“Zıraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 17 aprel, 2024
  • 08:25
“Zıraat Bank Azərbaycan maliyyə vəziyyətini açıqlayıb

“Zıraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 4,35 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30,4 % çoxdur.

Yanvar-mart aylarında “Zıraat Bank Azərbaycan"ın gəlirləri 15,336 milyon manat (illik müqayisədə 19,7 % çox), xərcləri 8,965 milyon manat (26,7 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 2,022 milyon manat (15,9 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 742,933 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 20,3 % çoxdur. Bunun 364,737 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,4 % böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 22,7 % artaraq 621,679 milyon manata, o cümlədən depozit portfeli 26,3 % artaraq 495,031 milyon manata, balans kapitalı isə 9,6 % artaraq 121,255 milyon manata çatıb.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.