“Ziraat Bank Azərbaycan” ASC 2020-ci ili 2,111 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 32,8 % azdır.
Ötən il “Ziraat Bank Azərbaycan”ın gəlirləri 24,19 milyon manat (illik müqayisədə 13,7 % çox), xərcləri 16,507 milyon manat (20,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 5,043 milyon manat (37,4 % çox), mənfəət vergisi ödəmələri isə 528 min manat (33,3 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 298,962 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,9 % çoxdur. Bunun 152,563 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 7,4 % böyüyüb.
Hesabat dövründə “Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 23,3 % artaraq 224,831 milyon manata, o cümlədən depozit portfeli 77,3 % artaraq 151,868 milyon manata, balans kapitalı isə 4,1 % artaraq 74,131 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin "Ziraat Bank"ına, 0,01 %-i "Zıraat Sıgorta" şirkətinə, 0,01 %-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.