“Zıraat Bank Azərbaycan"ın xalis mənfəəti 2 dəfə artıb
- 27 oktyabr, 2021
- 10:10
Yeniliklərdən dərhal xəbərdar olun!
“Zıraat Bank Azərbaycan" ASC bu ilin yanvar-sentyabr aylarını 3,899 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.
9 ayda “Zıraat Bank Azərbaycan"ın gəlirləri 23,434 milyon manat (illik müqayisədə 35,1% çox), xərcləri 15,138 milyon manat (29,8% çox), xüsusi ehtiyatlara ayırmaları isə 4,056 milyon manat (17,9% çox), mənfəət vergisi ödəmələri isə 341 min manat (12,5% çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 340,848 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,5% çoxdur. Bunun 183,78 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 27,9% böyüyüb.
Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 26,3% artaraq 261,575 milyon manata, o cümlədən depozit portfeli 32,8% artaraq 179,472 milyon manata, balans kapitalı isə 8,1% artaraq 79,273 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.