"Zəyəm Texnologiyalar Parkı"nın səhmləri üzrə hərracın tarixləri açıqlanıb
- 02 noyabr, 2021
- 13:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 4-5-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Zəyəm Texnologiyalar Parkı" ASC-nin səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 manat olan 18 milyon ədəd adi, adlı sənədsiz səhm (18 milyon manatlıq) standart bazar seqmentində listinqə daxil edilib. Onlara abunə yazılışı avqustun 31-də başlayıb və proses oktyabrın 29-da yekunlaşıb.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və ilk iş günü ərzində Cəmiyyətin mövcud səhmdarlarına, o cümlədən səhmlərin 91,6%-nə nəzarət edən “Azmade Group” MMC-yə təklif olunacaq. Onun üstünlük hüququ hesabına azı 16 490 862 ədəd yeni səhm əldə edəcəyi gözlənilir. Satılmayan səhmləri növbəti iş günü ərzində digər investorlar da ala biləcək.
Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.