"Yelo Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 15 iyul, 2025
  • 11:09
Yelo Bank maliyyə vəziyyətini açıqlayıb

“Yelo Bank” ASC bu ilin I yarısını 19,702 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % azdır.

Yanvar-iyun aylarında “Yelo Bank”ın gəlirləri 92,063 milyon manat (illik müqayisədə 3,5 % az), xərcləri 70,603 milyon manat (0,2 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,242 milyon manat (14,7 % çox), mənfəət vergisi ödəmələri isə 3 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il iyulun 1-nə “Yelo Bank”ın aktivləri 1 milyard 323,684 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7 % çoxdur. Bunun 975,948 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,6 % böyüyüb.

Hesabat dövründə “Yelo Bank”ın öhdəlikləri 16,1 % artaraq 1 milyard 159,907 milyon manata, o cümlədən depozit portfeli 17,4 % artaraq 948,385 milyon manata, balans kapitalı isə 30,5 % artaraq 163,777 milyon manata çatıb.

Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94 %-i Marina Kulişovaya, 0,96 %-i Anar Həsənova (Bankın İdarə Heyətinin sədri), 0,1 %-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.