“Yelo Bank” 9 ayda 11 milyon manatdan çox mənfəət əldə edib
- 26 oktyabr, 2021
- 10:58
“Yelo Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 11,368 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 23,193 milyon manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, 9 ay ərzində “Yelo Bank”ın gəlirləri 48,81 milyon manat (illik müqayisədə 12,6% çox), xərcləri 47,26 milyon manat (8,6% çox), xüsusi ehtiyyatlara ayırmaları üzrə qənaəti isə 9,817 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Yelo Bank”ın aktivləri 495,734 milyon manat olub ki, bu da illik müqayisədə 12,1% çoxdur. Bunun 356,179 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32,5% böyüyüb.
Hesabat dövründə “Yelo Bank”ın öhdəlikləri 9,9% artaraq 426,462 milyon manata, o cümlədən depozit portfeli 7,9% artaraq 309,531 milyon manata, balans kapitalı isə 28% artaraq 69,272 milyon manata, o cümlədən nizamnamə kapitalı 5,6% artaraq 378 milyon manata çatıb.
Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun səhmlərinin 96%-i “Topaz Investments Limited” QSC-yə, 3,9%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1%-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.