Yaponiyanın 2019-cu maliyyə ili (1 aprel 2019 - 31 mart 2020) üzrə ÜDM-i son beş ildə ilk dəfə azalıb.
“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumətə istinadən məlumat verib.
Yenilənmiş məlumatlara görə, azalma 0,3% təşkil edib. Proqnozlara görə, göstərici 0,0% səviyyəsində olmalı idi. ÜDM-də azalmanın əsas səbəbi 2019-cu ilin oktyabr ayında istehlakçı vergisinin 8%-dən 10%-ə qaldırılması olub.
Eyni zamanda 2020-ci ilin üçüncü rübündə ölkənin ÜDM-i, son qiymətləndirmələrə görə, əvvəlki rüblə müqayisədə 5,3% artıb.
Yaponiya ÜDM-nin 60%-ni təşkil edən fərdi istehlakın həcmi 5,1% artıb.
Hesabat dövründə dövlət investisiyalarının həcmi rüblük ifadədə 0,5% artıb, özəl sektorun sərmayələri isə 2,4% azalıb. İxrac rüblük ifadədə 7% artıb, idxal isə 8,8% azalıb.