“Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 12 iyul, 2024
  • 11:31
“Yapı Kredi Bank Azərbaycan maliyyə vəziyyətini açıqlayıb

“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin I yarısını 4,383 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21,6 % çoxdur.

Yanvar-iyun aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 32,673 milyon manat (illik müqayisədə 23,5 % çox), xərcləri 25,267 milyon manat (30,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,431 milyon manat (37,2 % az), mənfəət vergisi ödəmələri isə 1,592 milyon manat (29,3 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 526,535 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,5 % çoxdur. Bunun 284,607 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32,4 % böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 24,3 % artaraq 424,288 milyon manata, o cümlədən depozit portfeli 23,3 % artaraq 373,817 milyon manata, balans kapitalı isə 15,5 % artaraq 102,248 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.