“Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 8 %-ə yaxın azalıb
- 14 aprel, 2025
- 09:26
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin I rübünü 2,281 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,7 % azdır.
Yanvar-mart aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 18 milyon manat (illik müqayisədə 11,6 % çox), xərcləri 13,603 milyon manat (12,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,595 milyon manat (2,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 521 min manat (43,4 % az) təşkil edib.
Bu il aprelin 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 560,083 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,9 % çoxdur. Bunun 291,858 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,6 % böyüyüb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 0,7 % artaraq 447,411 milyon manat, o cümlədən depozit portfeli 0,9 % azalaraq 387,080 milyon manat, balans kapitalı isə 12,5 % artaraq 112,672 milyon manat olub.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.