“Yapı Kredi Bank Azərbaycan" bu ilin I yarısını mənfəətlə başa vurub

Maliyyə
  • 22 iyul, 2022
  • 12:29
“Yapı Kredi Bank Azərbaycan bu ilin I yarısını mənfəətlə başa vurub

“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin I yarısını 1,361 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 231 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-iyun aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 20,503 milyon manat (illik müqayisədə 11,7 % çox), xərcləri 16,015 milyon manat (8,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,477 milyon manat (26,5 % az), mənfəət vergisi ödəmələri isə 649 min manat (39,6 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 383,762 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,9 % çoxdur. Bunun 182,925 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 48,6 % böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 21,8% artaraq 299,876 milyon manata, o cümlədən depozit portfeli 19,9 % artaraq 270,55 milyon manata, balans kapitalı isə 2 % artaraq 83,886 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.