“Yapı Kredi Bank Azərbaycan" bu ilin I rübünü mənfəətlə başa vurub

Maliyyə
  • 26 aprel, 2022
  • 06:53
“Yapı Kredi Bank Azərbaycan bu ilin I rübünü mənfəətlə başa vurub

“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin I rübünü 400 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 122 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-mart aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 9,69 milyon manat (illik müqayisədə 6,5% çox), xərcləri 7,775 milyon manat (6,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,137 milyon manat (38 % az), mənfəət vergisi ödəmələri isə 378 min manat (3,5 dəfə çox) təşkil edib.

Bu il aprelin 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 346,187 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7 % çoxdur. Bunun 152,824 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 40,7 % böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 9,1 % artaraq 263,702 milyon manata, o cümlədən depozit portfeli 6,4 % artaraq 236,008 milyon manata, balans kapitalı isə 0,6 % artaraq 82,485 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.

44 filmi