“Yapı Kredi Bank Azərbaycan" 9 ayı mənfəətlə başa vurub

Maliyyə
  • 24 oktyabr, 2022
  • 14:02
“Yapı Kredi Bank Azərbaycan 9 ayı mənfəətlə başa vurub
Report.az

“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin yanvar-sentyabr aylarını 392 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 746 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 31,926 milyon manat (illik müqayisədə 18,6 % çox), xərcləri 24,295 milyon manat (9,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 6,755 milyon manat (32,7 % çox), mənfəət vergisi ödəmələri isə 484 min manat (4,8 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 379,565 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,6 % çoxdur. Bunun 178,926 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 39,5 % böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 8,3 % artaraq 296,774 milyon manata, o cümlədən depozit portfeli 6,9 % artaraq 266,849 milyon manata, balans kapitalı isə 1,2 % artaraq 82,791 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.