Prezident İlham Əliyev “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
“Report” xəbər verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra yerli banklara müddətli əmanət müqaviləsi əsasında pul qoymaqla ölkə ərazisində müvəqqəti və yaxud daimi yaşamaq üçün icazə almış əcnəbilərin və yaxud vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda veriləcək.
Bundan başqa, dövlət başçısı “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu da təsdiq edib. Yenilənmiş qanuna əsasən, dövlət qiymətli kağızlarına və yaxud paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla ölkə ərazisində müvəqqəti və yaxud daimi yaşamaq üçün icazə almış əcnəbilərin və yaxud vətəndaşlığı olmayan şəxslərin investisiya qiymətli kağızları, o cümlədən dövlət qiymətli kağızları barədə məlumatlar da müvafiq icra hakimiyyəti orqanına Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda veriləcək.