"Xalq Həyat Sığorta"nın mənfəəti 31 % artıb
- 31 mart, 2023
- 06:48
Yeniliklərdən dərhal xəbərdar olun!
“Xalq Həyat Sığorta" ASC 2022-ci ili 1,824 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 31% çoxdur.
Ötən il “Xalq Həyat Sığorta"nın gəlirləri 6,528 milyon manat (əvvəlki ilə nisbətən 24,7 % çox), xərcləri isə 4,248 milyon manat (15,2 % çox), mənfəət vergisi ödəmələri isə 456 min manat (2,9 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Xalq Həyat Sığorta"nın aktivləri 27,476 milyon manat olub ki, bu da illik müqayisədə 16,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 24,7 % artaraq 10,199 milyon manata, balans kapitalı isə 11,8 % artaraq 17,277 milyon manata çatıb.
Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.