“Xalq Bank” maliyyə vəziyyətini açıqlayıb
- 15 yanvar, 2024
- 05:47
Yeniliklərdən dərhal xəbərdar olun!
“Xalq Bank” ASC 2023-cü ili 52,07 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 91,3 % çoxdur.
Ötən il “Xalq Bank”ın gəlirləri 191,891 milyon manat (əvvəlki illə müqayisədə 37,5 % çox), xərcləri 114,355 milyon manat (31,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 8,643 milyon manat (57,1 % az), mənfəət vergisi ödəmələri isə 16,823 milyon manat (3,1 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Xalq Bank”ın aktivləri 3 milyard 82,548 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,8 % çoxdur. Bunun 1 milyard 781,289 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,2 % böyüyüb.
Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 16,7 % artaraq 2 milyard 578,273 milyon manata, o cümlədən depozit portfeli 19,7 % artaraq 2 milyard 220,972 milyon manata, balans kapitalı isə 6,1 % artaraq 504,274 milyon manata çatıb.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.