“Xalq Bank”ın xalis mənfəəti 45 %-dən çox azalıb
- 16 oktyabr, 2021
- 06:50
Yeniliklərdən dərhal xəbərdar olun!
“Xalq Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 14,243 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 45,1 % azdır.
9 ay ərzində “Xalq Bank”ın əməliyyat gəlirləri 78,554 milyon manat (illik müqayisədə 23,4% az), əməliyyat xərcləri 54,33 milyon manat (5% çox), xüsusi ehtiyatlara ayırmaları 5,627 milyon manat (70,3% az), gözlənilməz gəlirləri 60 min manat (26,8% az), mənfəət vergisi ödəmələri isə 4,413 milyon manat (26,5% az) təşkil edib.
Bu il oktyabrın 1-nə “Xalq Bank”ın aktivləri 2 221,242 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,2% azdır. Bunun 1 390,113 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,5% kiçilib.
Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 4,4% azalaraq 1 776,342 milyon manata, o cümlədən depozit portfeli 7,4 % azalaraq 1 426,132 milyon manata düşüb, balans kapitalı isə 1,7% artaraq 444,9 milyon manata çatıb.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.