"Xalq Bank"ın xalis mənfəəti 28 %-dən çox azalıb

Maliyyə
  • 16 aprel, 2025
  • 12:11
Xalq Bankın xalis mənfəəti 28 %-dən çox azalıb
Xalq Bank
Report

“Xalq Bank” ASC bu ilin I rübünü 11,858 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28,3 % azdır.

Yanvar-mart aylarında “Xalq Bank”ın gəlirləri 59,011 milyon manat (illik müqayisədə 6,9 % çox), xərcləri 38,316 milyon manat (16,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 4,224 milyon manat (2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 4,612 milyon manat (21,9 % çox) təşkil edib.

Bu il aprelin 1-nə “Xalq Bank”ın aktivləri 3 milyard 44,108 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,2 % çoxdur. Bunun 1 milyard 793,057 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,2 % böyüyüb.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 2 % azalaraq 2 milyard 524,969 milyon manata, o cümlədən depozit portfeli 18,3 % azalaraq 1 milyard 818,775 milyon manata düşüb, balans kapitalı isə 12,5 % artaraq 519,139 milyon manata, o cümlədən nizamnamə kapitalı 13,9 % artaraq 415,597 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.

44 - Tezliklə